Milli Məclisdə uşaqpulunun bərpası məsələsi yenidən təklif olundu

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib.

 

APA TV-nin məlumatına görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclas dövlət büdcəsinə dəyişikliklərin II oxunuşda müzakirəsi ilə başlayıb.


Deputat Fazil Mustafa qeyri-ərzaq mağazalarını bağlayıb, təkcə ərzaq mağazalarını açmağı düzgün hesab etmədiyini bildirib. O qeyd edib ki, sahibkar təkcə əməkhaqqı ödəməklə ayaqda qala bilməz: “Öz sahəsi çökürsə, sonra bu sahəni necə dirildə biləcək? Bütövlükdə turizm sahəsi bu gün çöküb. Bu, 1-2 aydan sonra bizim üçün çox böyük problemlər yaradacaq. Bu gün qeyri-ərzaq mağazalarının hamısını bağlayıb, ərzaq mağazalarını açıblar. Bu qaydaları təcili dəyişmək lazımdır. Sadəcə, nəzarəti gücləndirmək lazımdır. Vətəndaşın gəlir yerlərini sıradan çıxarmaqla sabah biz bu problemləri çözə bilməyəcəyik”.

 

Deputat Fəzail Ağamalı həmkarı Fazil Mustafa ilə həmfikir olduğunu qeyd edib: “SMS qaydasının ləğv edilməsi ilə insanların küçələr axışdığını müşahidə edirik. Əgər biz insanların küçələrdə, meydanlarda kütləvi şəkildə gəzintisini görürüksə, niyə ayrı-ayrı müəssisələrdə iş bərpa olunmasın? Marketlərdə insanların sayı daha çoxdur, nəinki mebel mağazalarında. Hansısa əşyanı almaq üçün qeyri-ərzaq mağazalarına gedən insanların sayı marketə gedənlərdən azdır. Ayrı-ayrı qeyri-ərzaq mağazaları ciddi karantin qaydalarının tətbiqi ilə açılmalıdır. Karantin rejimi qaydalarına vətəndaşların riayət etməsini tələb etməklə, insanların işləməsinə şərait yaratmalıyıq. “Sədərək” Ticarət Mərkəzindən, “Mall”lardan, digər ticarət mərkəzlərindən insanlar evinə çörək aparır. Niyə bu müəssisələr bağlı qalıb?”

 

Komitə sədri Siyavuş Novruzov deyib ki, dövlət büdcəsindən Naxçıvana əlavə 1 milyon 300 min manat vəsaitin ayrılması nəzərdə tutulub: “Bu gün Ermənistanın ən çox qorxduğu Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordudur. Biz Naxçıvanı qorumalıyıq. Onun üçün əhalinin sosial müdafiəsi və ordumuzun təchizatı yüksək olmalıdır. Maliyyə Nazirliyi bu məsələyə baxsın. Naxçıvanın büdcəsi mütləq artırılmalıdır. Biz bu məsələyə həssas yanaşmalıyıq”.

 

“Sosial şəbəkələrdə şəhid adı ilə, karantin qaydaları ilə oyun oynayıb, hökumətə qarşı açıq çağırışlar edirlər” - deyən deputat Bəhruz Məhərrəmov qeyd edib ki, bu, cinayət təqibinin başlanılması üçün əsas sayılmalıdır: “Ümumiyyətlə, karantin qaydaları ilə bağlı oyunlar oynanılır. Hökumətə qarşı açıq çağırışlar edilir. Bu addımların qarşısı alınmalıdır”.

 

Deputat Vahid Əhmədov da istehsal müəssisələrinin, xidmət sahələrinin təcili açılması çağırışı ilə çıxış edib: “Qonşu dövlətlərdə bütün müəssisələr, xidmət obyektləri işləyir. Burda çıxış edən millət vəkilləri sahibkara, insanlara kömək etməyi tələb edirlər. Amma proses belə davam etsə, biz ilin ikinci yarısında ciddi problemlərlə üzləşəcəyik. Nazirlər Kabineti, Operativ Qərargah hansı sahələrin işləməsinin mümkünlüyü barədə düşünməlidir. Bu məsələləri siyasiləşdirməyə ehtiyac yoxdur”.

 

Deputat Qənirə Paşayeva sosial həssas qrupa aid edilən kateqoriyanın sərhədlərinin genişləndirilməsini təklif edib: “Çünki bununla bağlı hədsiz müraciət var. Hətta təhsil haqqına görə təhsilini atmaq istəyən 3-cü, 4-cü kurs tələbələri var. Ümumiyyətlə, çətin vəziyyət olan ailələrə xüsusi diqqət yetirilməlidir. Sosial baxımdan həssas qrupa daxil edilən tələbələrin sayı artırılmalıdır. Təhsil Nazirliyi də bununla bağlı məsələyə yenidən baxmalıdır”.

 

Deputat Tahir Kərimli uşaq pulunun bərpa olunması ilə bağlı məsələ qaldırıb: "Ən kasıb ölkələrdə belə uşaq pulu verilir. Pandemiya nə qədər uzun çəksə də, müvəqqətidir, ötüb keçəcək. Uşaq pulu isə strateji məsələdir. 600 min nəfərə 190 manat verilib. Bu vəsait də azdır axı. Uşaq pulu verilsəydi, daha yaxşı olardı".

 

Deputat Sabir Rüstəmxanlı isə qeyd edib ki, sosial təminatla bağlı məsələlər müxtəlif kadrların və müxtəlif idarələrin öhdəsində qalanda bir çox əyriliklər meydana çıxır: “Bunu inkar etmək olmaz. Bəzi yerlərdə bu haqsızlıqlar və əyriliklər hələ də davam edir. Uşaq pulu verilsə, uşağı olan ailələrin minimum xərclərlə təmin olunduğunu biləcəyik. İndi bəzi ölkələrdə əkiz övladı olana ev verirlər, üçəm uşağı olana başqa şey. Azərbaycanda da bunlar var idi, amma indi unudulub. Gənc ailələrə yardım mənasında uşaq pulunun bərpa olunması çox vacib məsələdir”.

 

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə bildirib ki, uşaq pulu ilə bağlı məsələ hökumətdə müzakirə edilib və təklif edib ki, deputatlardan ibarət işçi qrupu yaradılıb, konkret təkliflər hazırlansın.

 

Məsələyə münasibət bildirən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, ölkədə bundan əvvəl uşaq pulu ümumi hamıya verilib: “Amma həmin uşaq pulunun məbləği çox aşağı olduğu üçün bu, ünvanlı dövlət sosial yardımı haqqında qanunun qəbulu ilə əlaqədar uşaq pulları aztəminatlı ailələrə verilir. 84 minə yaxın ailə ünvanlı dövlət sosial yardımı alır. Bu isə təxminən 320 mindən çox insan deməkdir”.

 

Deputat Aqil Abbas əlilliyin təsnifatlaşdırlması ilə ciddi problemlərin mövcud olduğuna diqqət çəkib: “VTEK-lər verirdi əlilliyi. Öz işçilərinə inanmadılar, əlilliyin təyinatını verdilər Səhiyyə Nazirliyinə. Guya Səhiyyə Nazirliyi süddən çıxmış ağ qaşıqdır. Halbuki Səhiyyə Nazirliyi öz işini görə bilmir. Ümumiyyətlə, Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur”.

 

Spiker Sahibə Qafarova bu fikrə etirazını bildirib: “Bu gün pandemiyanın qarşısını almaq üçün Səhiyyə Nazirliyi, həkimlər əlindən gələni edir. Dövlət başçısı tərəfindən də, Milli Məclis tərəfindən də onlara təşəkkür edilib. Onlara öz hörmətimizi göstərmişik”.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev isə qeyd edib ki, əlilliyi olan şəxslərin hüququnun qorunması haqqında yeni qanun qəbul olunub.

 

Müzakirələrdən sonra Milli Məclis dövlət büdcəsinə dəyişiklikləri II oxunuşda qəbul edib.

Müəllif | Apa.Tv
Apa.tv