Milli Məclisə seçkilərlə bağlı ATƏT müşahidəçiləri fəaliyyətə başladı
=ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçkiləri Müşahidə Missiyası yanvarın 7-dən fəaliyyətə başlayır.
APA TV-nin məlumatına görə, bununla bağlı keçirilən mətbuat konfransında Müşahidə Missiyasının rəhbəri Piter Teyler deyib ki, artıq beşinci dəfədir, Seçkilərə Müşahidə Missiyasına rəhbərlik edir:
“Növbədənkənar parlament seçkilərinin keçirilməsi qərarından sonra Azərbaycan tərəfi rəsmi olaraq müşahidə üçün bizə müraciət ünvanladı. Ehtiyacların Qiymətləndirməsi Missiyası dekabrda Azərbaycana səfər etdi və seçkiqabağı mühiti, gələcək seçkilərə hazırlıq prosesini qiymətləndirdi. Bu səfərin nəticələrinə əsasən, qərar verildi ki, müşahidə missiyası əsas heyətdən, qısa və uzunmüddətli müşahidəçilərdən ibarət olmaqla işə cəlb olunacaq”.
P. Teyler əlavə edib ki, DTİHB 11-ci dəfə Azərbaycanda seçkiləri müşahidə edəcək: “Əsas ekspertlərdən ibarət nümayəndə heyəti 11 nəfərdən ibarətdir. Əsas heyət ATƏT-in öhdəlikləri çərçivəsində müşahidə aparacaq. Həmçinin milli müşahidəçilərdən ibarət heyət də olacaq. 30 nəfər uzunmüddətli müşahidəçi cəlb ediləcək. 350 nəfər qısamüddətli müşahidəçi olacaq və onlar seçkidən bir neçə gün öncə Azərbaycana gələcək. AŞPA və ATƏT nümayəndələri də seçki günü Müşahidə Missiyasına qatılacaq”.
Uzunmüddətli müşahidəçilər yanvarın 14-dən başlayaraq Azərbaycana gələcək. Vəziyyətlə bağlı və cəmiyyəti məlumatlandırmaq üçün aralıq hesabat müşahidə müddətində dərc olunacaq. Yekun hesabat isə ümumilikdə seçki prosesini qiymətləndirəcək.