Milli Məclisin buraxılması qanuni hesab edildi - KONSTİTUSİYA MƏHKƏMƏSİ QƏRAR VERDİ
Dekabrın 4-də Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.
APA TV-nin məlumatına görə, iclasda Azərbaycan Prezidentinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə Milli Məclisin 2019-cu il 2 dekabr tarixli “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında parlamentin buraxılmasının ölkə Konstitusiyasına uyğun olub-olmamasına dair sorğusuna baxılıb.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açaraq, Plenumun tərkibini elan edib və müzakirəyə çıxarılan məsələ barədə məlumat verib. Sonra F.Abdullayev sözü məruzəçi-hakim, Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladzeyə verib.
Rafael Qvaladze Azərbaycan Prezidentinin Milli Məclisin qərarı üzrə yekun qərar qəbul etməzdən əvvəl hazırkı şəraitdə parlamentin buraxılmasının ölkə Konstitusiyasına uyğunluğuna dair Konstitusiya Məhkəməsinin mövqeyinin öyrənilməsi zəruri hesab etdiyini diqqətə çatdırıb.
Sorğuverən tərəfin nümayəndəsi - Prezident Administrasiyası Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov bildirib ki, Azərbaycan qanunvericiliyində yeni olan Milli Məclisin buraxılması məsələsi 2016-cı ildə referendum yolu ilə Konstitusiyaya daxil edilib. Sorğunun məqsədi Milli Məclisin buraxılmasının Azərbaycan Konstitusiyasına uyğun olub-olmamasını aydınlaşdırmaqdır.
Cavabverən tərəfin nümayəndəsi - Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Konstitusiya Məhkəməsinin verəcəyi qərar Azərbaycan dövlətçiliyi və hakimiyyət qollarının fəaliyyəti baxımından müstəsna əhəmiyyət kəsb edir.
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bu məsələ ilə bağlı qərarın qəbulu zamanı Milli Məclisin buraxılması ilə əlaqədar ortaya çıxan digər məsələlərin nəzərə alınmasını xahiş edib.
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov bildirib ki, Azərbaycan Prezidenti tərəfindən Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsi ölkə Konstitusiyasının 981-ci maddəsinə tamamilə uyğundur.
Çıxışlardan sonra Konstitusiya Məhkəməsi Plenumunun üzvləri gündəlikdəki məsələ ilə əlaqədar qərar qəbul etmək üçün müşavirə otağına keçib.
Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri F.Abdullayev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarını oxuyub.
Qərarda deyilir ki, “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Milli Məclisin 2019-cu il 2 dekabr tarixli Qərarı Konstitusiyanın 981-ci maddəsinin 1-ci hissəsinə uyğun hesab edilsin.
“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Milli Məclisin 2019-cu il 2 dekabr tarixli qərarı əsasında Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinə uyğun hesab edilsin.
Qərar elan edildiyi andan qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Bununla da Konstitusiya Məhkəməsi Plenumunun iclası bağlı elan edilib.