Milli Məclisin növbəti iclası keçirilib
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib.
APA TV-nın məlumatına görə, iclasın gündəliyinə 12 məsələ daxil edilib.
Cari məsələlərin və qanun layihələrinin müzakirəsinə keçməzdən əvvəl Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Vüqar Tapdıq oğlu Gülməmmədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsinə namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində Vüqar Gülməmmədov yenidən Hesablama Palatasının sədri seçilib
İclasın gündəliyinə daxil edilən “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihəyə əsasən, əmanətlərin qaytarılmasının təmin edilməsi qaydası dəyişir. Mülki Məcəllənin 950.1-ci maddəsində Nizamnamə kapitalında iştirak paylarının və ya səhmlərin 50 faizindən çoxunun Azərbaycan Respublikasına və ya bələdiyyələrə mənsub olduğu bank tərəfindən fiziki şəxslərin əmanətlərinin qaytarılması üzrə subsidiar məsuliyyət haqqında müddəanın çıxarılması təklif olunur.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qorunan əmanətlərin məbləğinə görə Azərbaycan dünyada yüksək yerlərdən birini tutduğunu bildirib: “Bu qanun layihəsinin qüvvədə olduğu illərdə bankların sağlamlaşdırılmasına nail olundu. Eyni zamanda 43 min əmanətçiyə 1,3 milyard manat əmanət qaytarıldı. Banklara inam artıb. Bu mexanizmdən çıxdıqdan sonra artıq 100 min manat limit müəyyən ediləcək. Azərbaycanda 100 mindən çox olan əmanətlərin sayı elə də çox deyil. Deməli, bu mexanizmdən çıxdıqdan sonra da qorunan əmanətlərin sayı kifayət qədər olacaq. Qorunan əmanətlərin məbləğinə görə Azərbaycan dünyada yüksək yerlərdən birini tutur. Qanuna edilən yeni dəyişikliyə əsasən, fiziki şəxslərin də banklarda olan 20 min manata qədər əmanətləri Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunacaq. Bu, çox mühüm yenilikdir”.
Deputat Əli Məsimli isə qeyd edib ki, qorunmayan əmanətlərlə bağlı məsələlərə də baxmaq lazımdır: “Eyni zamanda məzənnə dəyişən zaman qorunan və qorunmayan əmanətlərə bunun necə təsir edəcəyi də nəzərə alınmalıdır. Əmanətlərin çoxu 6-12% arasında qəbul edilir. Bəziləri yüksək faizlə bunu qəbul edir. Bunun da aqibəti nəzərə alınmalıdır. İkincisi, işğaldan azad edilmiş ərazilərin bərpa edilməsi ilə bağlı sandıqlarda olan pulları çıxarmaq vaxtıdır. Bu işdə bütün yükü dövlətin üzərinə atmaq olmaz. Burada bir sıra mexanizmlər işlənib hazırlanmalıdır. Yazda biz yenidən bu sənədə baxmalı, yeni təklifləri qanunda nəzərə almalıyıq”.
Bank faizlərinin aşağı salınmasını zəruri hesab edən deputat Rüfət Quliyev bildirib ki, Qarabağ regionunun dirçəldilməsi üçün kifayət qədər investisiyalar qoyulması lazımdır.
Müzakirələr nəticəsində “Əmanətlərin sığortalanması haqqında” qanuna da dəyişiklik edilib. Beləliklə, gələn il aprelin 5-dən fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manatadək artırılması təklif olunur. Həmçinin 20 min manatdan çox olmamaq şərti ilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin depozitləri sığortalanacaq.
Birinci oxunuşda müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, Azərbaycanda təhsil haqqında dövlət sənədləri elektron qaydada veriləcək.
Birinci oxunuşda müzakirə edilən Gömrük Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən isə xaricdə qeydiyyatda olan avtomobillərdən yol vergisinin tutulması qaydası dəyişir. Yəni yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olan zaman gömrük sərhəd buraxılış məntəqələrində və ya gömrük rəsmiləşdirilməsi yerlərində, gömrük ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda isə gömrük sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən tutulacaq və bir bank günü ərzində dövlət büdcəsinə köçürüləcək.
Qanun layihələri səsə qoyularaq qəbul edilib.