Milli Musiqi günü münasibətilə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub

Milli Musiqi günü münasibətilə mədəniyyət və incəsənət xadimləri Fəxri Xiyabanda Üzeyir Hacıbəylinin və digər musiqi xadimlərinin məzarlarını ziyarət ediblər.

 

APA TV-nin məlumatına görə, mərasimdə çıxış edən Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət naziri vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib ki, 18 sentyabr Azərbaycan xalqı üçün əsl bayram günüdür: “Üzeyir Hacıbəyli Azərbaycan klassik musiqisinin banisi olan dahi şəxsiyyətdir. Onun fəaliyyəti nəticəsində mədəniyyət sahəmiz, klassik musiqi ənənələrimiz dünya səviyyəsində tanıdılıb. Onun şah əsərləri olan “Leyli və Məcnun” operası, “Arşın mal alan” operettası UNESCO-nun siyahısına daxil edilib”.

 

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə isə "Üzeyir Hacıbəyli" fəxri medalının təsis edildiyini bildirib: "Onun birinci nüsxəsi I Vitse-prezident Mehriban Əliyevaya təqdim edilib. Çünki Mehriban xanım uzun illərdir davam edən "Üzeyir dünyası" nəşrinin təsisçisi, sponsoru və ilhamverici gücüdür".

 

Bundan başqa, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi də çıxış edərək, dahi bəstəkar haqqında ürək sözlərini deyiblər.

 

Çıxışlardan sonra Üzeyir Hacıbəylinin məzarı üzərinə əklil və gül dəstələri qoyulub. Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasından "Şəbi-hicran" xoru səsləndirilib. Sonda Mədəniyyət Nazirliyinin rəhbər şəxsləri, mədəniyyət və ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda uyuyan digər musiqi xadimlərinin məzarlarını da ziyarət edib, abidələri önünə gül dəstələri düzüblər.

 

Elvin Paşazadə,

Musa Qulammirzəyev,

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv