Milli Parkda qanunsuz ov edən şəxs tutuldu

Milli Parkda qanunsuz ov edən şəxs saxlanılıb. 

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsi ilə Qızılağac Milli Parkının əməkdaşları birgə reyd keçiriblər. Reyd zamanı Masallı rayonunun Xırmandalı kənd sakini İsaq Qasımov parkın ərazisində qanunsuz ov edərkən saxlanılıb. Ondan ovladığı iki ədəd çöl donuzu və sənədsiz “Toz 66” markalı silah, 8 ədəd patron, 3 ədəd giliz aşkar edilərək götürülüb.

Saxlanılan İsaq Qasımov tutduğu əməldən peşman olduğunu bildirib: “Qızılağac Milli Parkına ov məqsədilə gedərkən ov elədiyim yerdə iki donuz rast gəldi. Biri balaca biri böyük, hər ikisini ovladım. Qayıdarkən Milli Parkın əməkdaşları, su polisi  əməkdaşları ilə məni saxladılar. Məndən iki ədəd donuz, bir ədəd sənədsiz tüfəng, aşkarladılar”.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV.

 

Müəllif | Apa.Tv
Apa.tv