Milli Qəhrəman Çingiz Qurbanov yad edilib
Azərbaycanın Milli Qəhrəmanı Çingiz Salman oğlu Qurbanovun doğum günü münasibətilə Qusar şəhərində anım mərasimi keçirilib.
APA TV-nin şimal bürosunun məlumatına görə, anım mərasimində Müdafiə Nazirliyinin, Qusar Rayon İcra Hakimiyyətinin rəsmiləri, Milli Qəhrəmanın ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Milli Qəhrəmanın məzarını ziyarət edən iştirakçılar onun qısa, lakin şərəfli ömür yoluna nəzər salıblar. Anım mərasimində Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Abdulla Qurbani bildirib ki, Çingiz Qurbanov 1994-cü il noyabrın 24-də Qusarın Həzrə kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Texniki Universitetində davam etdirib. 2016-cı ildə həmin universitetin məzunu olan Çingiz Qurbanov iyul ayında həqiqi hərbi xidmətə yollanıb. 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Şəhidin cəsədi 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Bakıda təntənəli vida mərasimi keçirildikdən sonra Ç.Qurbanov fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn edilib.
2017-ci il fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi barədə sərəncam imzalayıb. Onun adı Qusar şəhərində bir küçəyə və Həzrə kəndində vaxtilə təhsil aldığı tam orta məktəbə verilib. Ç.Qurbanovun adını daşıyan küçədə barelyefi qoyulub. Azərbaycan Silahlı Qüvvələri tarixində ilk dəfə olaraq Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə şəhidin adı xidmət etdiyi döyüş mövqeyinə verilib və şəxsi heyətin daimi siyahısına salınıb.
Çingiz Qurbanovun atası Salman Qurbanov qusarlıların işğal altındakı torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın əmrinə hər an hazır olduqlarını bildirib.
Sonra tədbir iştirakçıları Ç.Qurbanovun adını daşıyan küçədə qoyulan barelyefin önünə tər güllər düzüb, şəhidlərimizin xatirəsini ehtiramla anıblar.
Tədbir iştirakçılarına Müdafiə Nazirliyinin nəşri olan A.Qurbaninin “Çingiz dastanı” kitabı hədiyyə edilib.