Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsi anılıb

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsi anılıb.

APA TV-nin xəbərinə görə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən anım mərasimində ictimai-siyasi xadimlər, incəsənət xadimləri, Çingiz Qurbanovun valideynləri və döyüş yoldaşları iştirak ediblər. Tədbirdə Bakı Bələdiyyə Teatrının hazırladığı, polkovnik Abdulla Qurbaninin müəllifi olduğu "Çingiz Dastanı” tamaşası nümayiş etdirilib.

Milli Qəhrəmanın atası Salman Qurbanov deyib ki, bu cür tədbirlərin davamlı olaraq keçirilməsi vətən uğrunda şəhid olan bütün qəhrəmanların ruhunu şad edir:

Bu tamaşa təkcə Çingiz haqqında deyil, bütün şəhidlərimiz haqqındadır. Vətən uğrunda, torpaq uğrunda canından keçən bütün şəhidlərimizin ruhu şad olsun. Mən Milli Qəhrəmanın ailə üzvləri adından Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyinə, Bakı Bələdiyyə Teatrının kollektivinə öz dərin minnətdarlığımı bildirirəm.

Qeyd edək ki, Müdafiə naziri Zakir Həsənovun tapşırığı ilə Milli Qəhrəman Çingiz Qurbanovun anadan olmasının 25-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir.

Müəllif | Apa.Tv
Apa.tv