Milli Qəhrəman Fariz Qəhrəmanov: “Bizi xoş gələcək gözləyir”

Fariz Çoban oğlu Qəhrəmanov 1974-cü ildə Bərdə rayonunun Xəsili kəndində doğulub. Böyüdüyü kənddə orta məktəbi bitirən Fariz 1992-ci ilin iyun ayında Milli Orduya çağırılıb və 776 saylı hərbi hissədə xidmətə başlayıb. Elə qəhrəmanlıq hekayəsi də bu vaxtdan yazılır.

 

Fariz QƏhrəmanov Ağdam, Ağdərə, Füzuli, Kəlbəcər və Tərtər rayonları uğrunda gedən ağır döyüşlərin iştirakçısı olur. 1994-cü ilin yanvarında Ağdərənin müdafiəsi zamanı yaralanan 20 yaşlı döyüşçü bir müddət hərbi hospitalda müalicə olunur, sağaldıqdan sonra yenidən cəbhəyə qayıdır. 1995-ci ilin mart hadisələri zamanı hərbi qiyam qaldırmış silahlı dəstənin zərərsizləşdirilməsində də iştirak edir. Ümummilli lider Heydər Əliyevin 4 aprel 1995-ci il tarixli fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülür: “1994-cü ildə Tərtər uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərmişəm. Orda mühasirəyə düşdüyümüz vəziyyətdə silahdaşlarımın mənimlə bir yerdə mühasirədən çıxmasına görə mənə qəhrəmanlıq adı təqdim olunmuşdu. Mənim üçün həqiqətən 1994-cü il yanvar ayında keçirdiyim döyüşlər ən ağır döyüşlər olub. Ağdərə rayonunun Gödək burnu yüksəkliyində keçirdiyimiz döyüşlər idi. Bu döyüşlərdə mən 16 nəfər əsgər yoldaşımı itirdim. Ondan sonra biz onların qisasını aldıq və Tərtərin müdafiəsində böyük qəhrəmanlıq nümunəsi göstərdik”.

 

Yaşayan əfsanə bu gün tez-tez məktəblilərlə, gənclərlə görüşlər keçirir. Deyir ki, məqsədi gənc nəsilə hərbi ixtisası və vətənpərvərlik hissini ən yüksək səviyyədə aşılamaqdır. Onun bu dəfə getdiyi ünvan özünün doğulub böyüdüyü Xəsilli kəndi olub: “Əlbəttə, mənim də 10 il təhsil aldığım məktəbə gəlmək xatirələrin oyanmasına səbəb oldu. Sözsüz ki, bizim dövrümüz sovet vətənpərvərlik dövrünə düşmüşdü. Amma mən bu gün bizim yeniyetmələrimizdə, gənclərimizdə, uşaqlarımızda vətənpərvərlik ruhunu gördüyümdə daha çox sevindim ki, gələcəyimiz əmin əllərdədir və bizi xoş gələcək gözləyir”.

 

Xəsili kənd tam orta məktəbində təşkil olunan görüşdə keçmiş döyüşçülər və kənd ziyalıları iştirak edib. Keçmiş döyüşçülər müharibə xatirələrini məktəblilərlə bölüşüblər. Keçmiş döyüşçü Salam Məmmədov müharibə illərində bir dostunu qucağında daşıyarkən erməni gülləsinə tuş gəldiyini, həmin anı hələ də unuda bilmədiyini deyib: “Döyüşçülərimizdən Şəmkir rayonundan Tariyel adlı yoldaşımız var idi. Onun  böyrəyində problem var idi. Onu qurtarmaq vaxtında gecə saat ikidə dedilər ki, sabah qərargaha gəlsin, müalicəyə gedir. Həmin vaxtı Ömər dağı istiqamətində snayper gülləsi ilə onu vurdular. Mən onu qucağımda gətirdim, valideynləri onu apardılar. Bax, o günləri unuda bilmirəm ki, sənədləri hazır olarkən özü yox, şəhid kimi getdi”.

 

Bu gün keçmiş döyüşçülərin ən böyük arzusu, istəyi işğal olunmuş torpaqlarımızı düşməndən azad edib, övladlarının qarşısına qalib ordunun hərbçisi kimi çıxmaqdır. Tanrı arzunuza çatdırsın!

 

Müəllif | Apa.Tv
Apa.tv