Milli Qəhrəmanın 11 yaşlı nəvəsi: “Əsgər olmaq istəyirəm”
11 yaşı var. Babası onun xəyallarının qəhrəmanıdır. Ailədə özündən başqa bir bacısı da ola Yusif babasını şəkillərdən, filmlərdən tanıyır. Onunla qürur duyur. Deyir ki, babamın adını daşıdığım üçün ikiqat məsuliyyət daşıyıram: “Mən babam Yusif Əliyevin adını daşıyıram. O, Azərbaycanın ilk 11 Milli Qəhrəmanından biridir. Baba haqqında çox şey bilirəm. Cəsur olub, qəhrəman olub. O, öldüyü üçün qəhrəman sayılmır, göstərdiyi qoçaqlığa görə qəhrəmandır. Heç qorxmadan canını fəda edib mənim babam”.
Yusif hazırda beşinci sinif şagirdi olsa da, arzularını gerçəkləşdirmək haqqında düşünür: “Arzularımın ən ümdəsi əsgər olmaqdır. Vətənə ön cəbhədə xidmət etmək istəyirəm. Ermənilərlə üz-üzə olmaq istəyirəm”.
Babası Yusif Əliyev Ağsuda dəfn olunub. Elə nəvə Yusif də çox darıxanda valideynləri ilə onu ziyarətə gedir.
11 yaşlı qəhrəmanım Qaradağ rayonun Qobustan qəsəbəsində valideynləri, nənəsi və ulu babası ilə yaşayır. 84 yaşlı Əliyusif Əliyev deyir ki, nəvələri olmasa, bəlkə də nəfəs ala bilməzmiş. Oğlu Yusif Əliyev Qarabağ döyüşlərinə qatılanda nəvəsi altı aylıq olub. 1990-cı il avqustun 23-də Yusif könüllü olaraq DİN-ə müraciət edib. Onun arzusunu yerinə yetiriblər. Polis əməkdaşı kimi Dağlıq Qarabağ münaqişəsinin başladığı ilk gündən torpaqlarımızın müdafiəsində fəal iştirak edib.
1991-ci ilin fevralında Yusif Əliyev Goranboyda ilk döyüş sınağından çıxır. Silahlı erməni quldurları Buzluq, Mənəşid və Erkəc kəndləri tərəfdən pusqu quraraq tez-tez basqınlar edir, yolları kəsirdilər. Fevralın 24-də sübh tezdən 500-ə yaxın erməni qulduru Mənəşid kəndinə hücuma keçir. Qüvvələr qeyri-bərabər olsa da, polis dəstəsi öz əlverişli mövqelərini qoruyub saxlamağa çalışmaqla yanaşı, düşməni planlı şəkildə yaxına buraxır və müxtəlif səmtlərdən onları hədəfə alır. Düşmən xeyli itki versə də, geri çəkilmək istəmir və dəstənin döyüş sursatı tükənir. Bunu görən Yusif Əliyev 14 nəfərdən ibarət qrup yaradaraq əlbəyaxa döyüşə atılır.
1991-ci il sentyabrın 14-ü… Düşmən Buzluq kəndinə hücuma keçir. Ölüm-dirim savaşına girən dəstədən xəbər gəlir ki, əsgərlərin sursatı tükənib. Yusif güllə yağışı altında Buzluğa sursat çatdırmağa müvəffəq olur. Lakin bu ona həyatı bahasına başa gəlir: “Oğlum Azərbaycanın ilk Milli Qəhrəmanıdır. 1991-ci il sentyabrın 14-də şəhid olub. Onun meyiti cəbhədən 30 km aralıda düşmən mühasirəsində qalmışdı. Buzluq kəndində şəhid olub. 12 gün düşmən əsirliyində qalıb meyiti. Ağsunun Rəhİmli kəndində dəfn etmişik”.
Əliyusif Əliyev Milli Qəhrəman ailəsi onlara göstərilən diqqətdən və qayğıdan razı qaldığını deyir: “Allah dövlətimizi qorusun. Cənab Prezident və Mehriban xanım hər zaman bizə dəstək olub, qayğı göstərib. Allah xalqımızı qorusun. Nə yaxşı ki, bu təhlükəli vəziyyətdən xalqımızı qorudular. Bu ahıl yaşımda dua edirəm ki, xalqımız bu təhlükəli xəstəlikdən qorunsun. Hər gün izləyirəm. Elə gün yoxdur ki, çörək üstə dua etməyim. Xalqımız qada-baladan uzaq olsun!”
Yusif Əliyev yaşasaydı, bu il 50 illiyini ailəsi ilə birgə qeyd edəcəkdi. Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülən Yusif Əliyevin valideynlərinin ən böyük arzusu ilə Qarabağı qarış-qarış gəzməkdir.