Mina partlayışından zərər çəkənlər üçün futbol turnirləri keçiriləcək
Bakı Olimpiya Stadionunda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) arasında Anlaşma Memorandumunun imzalanması ilə bağlı tədbir keçirilib.
Anlaşma Memorandumu AFFA-nın baş katibi Sərxan Hacıyev və Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov arasında imzalanıb.
AFFA-nın baş katibi Sərxan Hacıyev bildirib ki, AFFA və ANAMA arasında əsası qoyulan tərəfdaşlıq mina partlayışları nəticəsində xəsarət almış şəxslərin futbol oyunlarının və turnirlərinin təşkili, sevimli idman növündən zövq almalarına zəmin yaradılması onların üzərinə düşən məsuliyyətlərdən biridir.
Daha sonra Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, günümüzdə böyük bir kütlə tərəfindən sevilən və izlənən futbol idman növü üzrə inklüzivliyin dəstəklənməsi, mina hadisələri nəticəsində müxtəlif xəsarətlər alan və ya amputant futbolçuların bu idman növünə cəlb olunması və sosial-ictimai rifahının yaxşılaşdırılması olduqca vacib məsələlərdən biridir.
Anlaşma Memorandumu imzalandıqdan sonra Bakı Olimpiya Stadionunun ərazisində yerləşən meydançada mina partlayışları nəticəsində xəsarət almış amputant şəxslər arasında futbol oyunu keçirilib.