Minaların yarımçıq qoyduğu ömürlər – REPORTAJ

Minalanmış ərazilər... Bu, təkcə 30 illik Vətən həsrətinə son qoymaq yolunda maneə deyil, həm də Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində qazandığı möhtəşəm zəfərdən sonra üzləşdiyimiz yeni gerçəkliyin adıdır.

 

İşğalçı Ermənistan üç onilliyə yaxın müddət ərzində işğal altında saxladığı torpaqlarımızdan bacardığını minalayıb. Bacarmadığını isə Vətən Müharibəsi dövründə elan olunan humanitar atəşkəs müddətlərindən istifadə edərək, təhlükəli əraziyə çevirib. Azərbaycan tərəfinin israrlı tələblərinə rəğmən, Ermənistan hökuməti minalanmış ərazilərin xəritəsini bu günədək təqdim etməyib. Hazırda ermənilərin basdırdığı minaları Azərbaycan mütəxəssisləri ilə yanaşı, Türkiyə və Rusiyanın minatəmizləyən qrupları tərəfindən təmizlənir.

 

Elgün Ələkbərov Tərtər rayonunun Seydimli kənd sakinidir. 34 yaşlı Elgünün 5 və 6 yaşlarında 2 övladı var. Ailəsini dolandırmaq üçün traktor sürücüsü işləyir.  Sonuncu əkin işi yanvarın 28-də, yəni ermənilərin basdırdığı minaya tuş gəldiyi gün olub.

 

Müsahibimiz deyir ki, bəlkə də Tanrı onu həmin gün övladlarına bağışlayıb: “Əkin əkirdim, 2-3 baş əkmişdim. Birdən partlayış baş verdi. Elə bil məni traktorla birlikdə qaldırıb çırpdılar yerə. Hər tərəf qara hiss idi, traktordan düşüb uzaqlaşdım. Üzüm-başım qan içində idi. Ayağa qalxdım, yeridim ki, görüm əl-ayağım salamatdır? Sonra aqronom minaya düşdüyümü görüb məni xəstəxanaya çatdırdı”.

 

Tərtərin Qapanlı kənd sakini Məhərrəm Nəbiyev isə atası ilə birlikdə mal otararkən minaya düşüb. Nəticədə 70 yaşlı atası Yusif Nəbiyev həyatını itirib, özü isə yaralanıb. Həmçinin mal-qarası da mina partlaması nəticəsində tələf olub: “Mənfur düşmənlərimiz həm hərbçilərimizə zərər yetirirdilər, gəlib səngərlərə mina basdırırdılar, həm də kəndin çıxışlarına, otlaq sahələrinin girişinə mina basdırırdılar. Biz bu gün də həmin minalardan zərər çəkirik. Mən özüm şəxsən 1994-cü ildə atamla birlikdə minaya düşmüşəm. Mən aralı olduğum üçün salamat qaldım, lakin atam rəhmətə getdi, 6-7 baş heyvanımız da tələf oldu”.

 

Rayon sakini Zahir Cəfərov da heyvanlarını oturarkən minaya düşüb: “Dörd baş camış idi, bir də balaları, camış minaya düşdü, hamısı tələf oldu. Bu gün şükür, torpaqlarımız alınıb. Sadəcə, bir az gözləmək lazımdır ki, bu insanlar bir də zərər çəkməsinlər. Ermənilər elə bir millətdir ki, minaları ağlagəlməz yerlərə düzürlər. Həm də xəritəsini vermir, yerini demirlər”.

 

Müharibədən sonra Qarabağda mina partlayışı ilə bağlı 15 hadisə qeydə alınıb. Hadisə nəticəsində 14 mülki şəxs ölüb, 16 nəfər xəsarət alıb. Mina partlaması nəticəsində xəsarət alanlardan 4-ü Minatəmizləmə Agentliyinin əməkdaşıdır. Bundan başqa, İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycanın 57 hərbi qulluqçusu işğaldan azad olunmuş ərazilərdə minaya düşüb, onlardan 5-i həyatını itirib. Bir rus sülhməramlı da ötən ilin dekabr ayında minaya düşərək həlak olub.

 

Bəli, kimisi məcburiyyətdən zərər çəkməli olur, kimisi də o torpaqları görmək istəyindən. 30 il məcburi köçkün həyatı yaşayan bəzi soydaşlarımız son vaxtlar səbirsizlik göstərərək güc strukturlarının xəbərdarlıqlarına məhəl qoymur, işğaldan azad olunan torpaqlara keçmək istəyirlər. Bu isə çox vaxt bədbəxt hadisə ilə nəticələnir. Belə hadisələrlə qarşılaşmamaq üçün bir qədər də səbr etmək lazımdır. Səbr edək ki, o torpaqlarda aparılan yenidənqurma işlərindən sonra sağ-salamat həmin əraziləri gəzə bilək.

 

Habil Aslanoğlu,

Ziya İsmayılov,

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv