Minaya düşən “Dina" adlı itdən insanlıq dərsi

Erməni terrorunun budəfəki qurbanı minatəmizləmə əməliyyatlarında yaxından iştirak edən minaaxtaran it, Dina oldu.   

 

APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, Dina öz bələdçisini mina partlayışından qoruyarkən həyatını itirib. 3 ayından xüsusi oyun meydançasında təlimlərə başlayan Dina 18 ayından sonra müxtəlif növ partlayıcı qurğuların aşkar edilməsi bacarığına yiyələnib. Sonra akkreditasiyadan keçərək bələdçisi ilə sahə əməliyyatlarına cəlb olunub. Dina yanvar ayından öldüyü günə kimi Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonlarında  191, 927 KV.m ərazinin mina və partlamamış hərbi sursatdan təmizlənməsində iştirak edib.

 

Minaaxtaran itlərdən təmizləmə əməliyyatlarında, texniki tədqiqatda, şübhəli sahələrin qısaldılmasında, mexaniki yolla yoxlanılmış sahələrdə aparılan keyfiyyətə nəzarət proseslərində istifadə olunur.

 

Dina və onun həmcinslərinin hər biri gün ərzində 4-6 saat arasında aktiv işə cəlb olunur. Gündəlik özünü aparmasından asılı olaraq  600-700 kvm-dən 2000 kvm- dək ərazini minalardan təmizləyir.

 

2020-ci il 10 noyabr tarixindən 30 avqust 2022-ci ilədək 242 nəfər mina hadisəsi nəticəsində zərərçəkib. Onlardan 40 nəfər həlak olub, 202 nəfər xəsarət alıb.

 

Qeyd edək ki, ötən gün Dina adlı Minatəmizləyən it minaya düşərək ölüb. Onun bələdçisi ANAMA əməkdaşı 1984-cü il təvəllüdlü Nəcməddin Hüseynov yüngül dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.

 

Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv