Minaya düşən jurnalistlərimizin şəhid olmasından bir il ötür
Bu gün AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirərkən mina partlayışı nəticəsində həlak olmalarından bir il ötür.
APA TV xəbər verir ki, 2021-ci il iyunun 4-ü Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb.
Hadisə nəticəsində üç nəfər - Sirac Abışov, Məhərrəm İbrahimov və Arif Əliyev həlak olub, digər dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb.
Qeyd edək ki, həlak olan Arif Əliyev Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini idi.
Xatırladaq ki, Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Həmçinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən də şəhid media nümayəndələri Məhərrəm İbrahimov və Sirac Abışov “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif ediliblər.
Allah rəhmət eləsin!