Mingəçevir Avtovağzalında dezinfeksiya işləri aparılır
Mingəçevir Avtovağzalında koronavirusa qarşı aparılan profilaktik dezinfeksiya işləri davam edir.
APA TV- nin Mingəçevir bürosunun məlumatına görə, işlər Dövlət Avtomobil Nəqliyyatı Xidməti Mingəçevir Regional şöbəsinin və Mingəçevir Dezinfeksiya Stansiyası əməkdaşlarının iştirakı ilə aparılır.
Avtovağzalın Tibbi, Texniki Müayinə Mərkəzində həyata keçirilən dezinfeksiya işləri iri və kiçik tutumlu bütün növ avtobuslarda həyata keçirilir. Şəhərdaxili və uzaq məsafəli marşrutlar üzrə hərəkət edən avtobuslar ən qabaqcıl qoruyucu preparatlarla dezinfeksiya olunaraq xəttə buraxılır.
Koronavirus səbəbindən nəqliyyatdan istifadə etməyə tərəddüd edən vətəndaşlara müraciət edən Regional Şöbənin rəisi Elmar Əhmədov narahatçılığa heç bir səbəb olmadığını hər kəsin diqqətinə çatdırıb. Onun sözlərinə görə, dezinfeksiya olunmadan heç bir avtobus xəttə buraxılmır və sərnişinlərin sağlamlığı ən üst səviyyədə təmin olunur.
Qeyd edək ki, profilaktik tədbirlər çərçivəsində indiyədək 170-dən çox sərnişin avtobusu tam dezinfeksiya olunub. Proses növbəti günlərdə də davam etdiriləcək.