Mingəçevirdə bacı və qardaşın üzərinə qaynar su dağılıb
Mingəçevirdə ehtiyatsızlıqdan yeniyetmə qardaş və bacı yanıq xəsarətləri alıb.
APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə Günəşli yaşayış massivi 13-cü küçədəki fərdi təsərrüfatlardan birində baş verib.
Qaynar su ilə dolu qab ehtiyatsızlıqdan aşaraq azyaşlı qardaş və bacının üzərinə dağılıb. Şöbə müdiri Məhəmməd Quliyev deyir ki, müxtəlif dərəcəli yanıq xəsarətləri alan 9 yaşlı Hüseyn Taleh oğlu Qarayev və onun 8 yaşlı bacısı Zəhra Qarayeva xəstəxanaya yerləşdirilib: “Bunlar termiki yanıqdır. Bütün bədən həcmlərinin 10-19 faizə qədəri yanıb. Xəstəyə yardım göstərilib, xəstə əvvəlcə uşaq reanimasiya şöbəsinə yerləşdirilib, sonra isə cərrahiyə şöbəsinə keçirilib. Aparılmış müalicədən sonra xəstənin vəziyyəti kafidir”.
Hazırda onların müalicəsi davam etdirilir.