Mingəçevirdə ilk dəfə barama yetişdiriləcək - FERMERDƏN BİR İLK

Mingəçevirdə barama yetişdirilməsə də bunun üçün yem bazası mövcuddur. Şəhər sakini Rizvan Mustafayev 5 il öncə Tərtər rayonundan yapon gəri adlanan tingləri alaraq Mingəçevirdə əkib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, ötən ilə qədər 4 min tingdən alınan yarpağı Yevlax, Ağdaş və digər qonşu rayonlardan olan baramaçılara satıb. Amma bu ildən ilk dəfə olaraq Mingəçevirdə barama qurdu yetişdirməklə bir ilkə də imza atmağı düşünür.

Məhsuldar tingləri təsərrüfat sahibi münbit şəraitdə deyil, qumlu-çınqıllı ərazidə yetişdirib. Əsas hədəf isə Mingəçevirdə xarakterik olmayan baramaçılığın inkişafı üçün yem mənbəyi yaratmaq, eləcə də ipəkçiliyin təməlini qoymaqdır.

Qeyd edək ki, yapon sortu olan tut tingləri yerlilərdən yarpaqlarının iriliyi və çox olması ilə seçilir. Rizvan Mustafayev gələcəkdə tut bağlarının hüdudlarını genişləndirmək və tinglərin sayını 20 minə çatdırmağı düşünür.

 

Müəllif | Apa.Tv
Apa.tv