Mingəçevirdə məcburi köçkünlərin yaşadığı binada yanğın olub
Mingəçevirdə məcburi köçkünlərin yaşadığı turist bazasında yanğın hadisəsi baş verib.
APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında qeydə alınıb.
Turist bazasının həyətində yerləşən 72 saylı Ağdam rayon tam orta məktəbinin binasında qəfil alovlanma baş verib. Yanğın qısa sürətdə binanı əhatə edib, hətta binaya bitişik yaşayış evlərinə də keçmə təhlükəsi yaranıb. Hadisə yerinə çağırılan FHN-in yanğınsöndürmə briqadalarının çevik müdaxiləsi sayəsində yanğın lokallaşdırılaraq söndürülüb və alovun yayılmasına imkan verilməyib. Yanğın nəticəsində məktəb binası yanaraq yararsız hala düşüb, eyni zamanda əraziyə bitişik sahələrdə yerləşən ağaclar məhv olub. Hadisə nəticəsində zərərçəkən olmayıb.
Qeyd edək ki, sözügedən turist bazası Bozdağın ətəyində, Mingəçevir su anbarının sahilində yerləşir. Uzun illərdir burada məcburi köçkünlər məskunlaşıb. 72 saylı Ağdam köçkün məktəbi turist bazasının vaxtilə yeməkxana kimi istifadə olunan hissəsində fəaliyyət göstərir.
Yanğının baş vermə səbəbləri araşdırılır.