Mingəçevirdə yaşayış massivi dezinfeksiya edilib
Karantin rejiminin elan olunduğu andan etibarən Mingəçevirdə davamlı və mərhələli şəkildə həyata keçirilən dezinfeksiya işlərinin dördüncü mərhələsi də yekunlaşıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, ən son dezinfeksiya işləri 30 minə yaxın insanın məskunlaşdığı Energetik yaşayış massivi ərazisində həyata keçirilib.
Burada 60-dan çox binanın blokları, pilləkənləri, həyətyanı əraziləri, istirahət guşələri xüsusi dərman vasitələri ilə yuyularaq dezinfeksiya edilib. Həyata keçirilən proses massiv hüdudlarına daxil olan xidmət obyektlərini və onların fəaliyyət göstərdiyi əraziləri də əhatə edib.
Proses gündüz saatlarında fərdi mütəxəssislər tərəfindən, gecə saatlarında isə xüsusi texnikalar vasitəsilə həyata keçirilir.
Dezinfeksiya işləri şəhərin əsas istirahət mərkəzlərindən olan Sahil parkından da aparılır. Bura giriş qadağan edilsə də ərazi davamlı olaraq yuyucu məhlullarla dezinfeksiya edilir.
Qeyd edək ki, bundan sonra da Mingəçevirdə aparılan dezinfeksiya işləri davam etdiriləcək.