Minlərlə erməni Xankəndiyə necə gəlib? - “Hərəyə 50 dollar və 8 litr benzin…”
Oktyabrın 30-da Xankəndidə - Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında Ermənistan və Azərbaycan əleyhinə mitinq keçirilib. Mitinq təşkilatçıları Qondarma Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmasının eləcə də, Ermənistan hakimiyyətinin Qarabağı Azərbaycan ərazisi kimi qəbul etməsinin yolverilməz olduğunu bildiriblər. Erməni mənbələrinin məlumatına görə, mitinqdən sonra ərazidəki qondarma rejim Qarabağın heç vaxt müstəqil Azərbaycanın bir hissəsi olmayacağını bildirən bəyanat qəbul edib. Maraqlıdır ki, Xankəndidəki mitinqlə bağlı elə ilk narazılıq Ermənistandan gəldi. Bir çox siyasilər baş verən hadisənin Azərbaycan-Ermənistan arasında gedən danışıqlar prosesəsinə ziyan vuracağını qeyd ediblər. Hətta Ermənistanın tanınmış siyasi şərhçisi Karen Sarkisyan öz sosial şəbəkə hesabında Xankədinə toplaşanları axmaq və “degenerate” adlandırıb. Digər maraqlı məqam isə mitinqdə iştirak edənlərin sayı ilə bağlıdır. Xankəndidəki separatçı rejimin məlumatına görə, orada 30 mindən artıq iştirakçı var idi. Araik Arutyunyan sentyabrda rəsmi olaraq elan etmişdi ki, qondarma qurumda 33 minə yaxın erməni var. Azərbaycan xüsusi xidmət orqanları Xankəndi və ətrafında 25 min civarında erməni yaşadığını açıqlamışdı. Bəs necə olub ki, aksiyaya 30 min erməni qatılıb? Erməni mənbələri bu mitinqin təşkilində 2 əsas fiqurun adını çəkir.
Ermənistan parlamentinin keçmiş deputatı Arman Babacanyan mitinqin Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilmiş müvəqqəti kontingentinin komandanı Volkov tərəfindən xüsusi dəstəkləndiyini bildirib: “Soçidə baş tutacaq Putin-Əliyev-Paşinyan görüşü ərəfəsində Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh müqaviləsi Moskvanın təklif etdiyi variantda bağlansın deyə, mitinq təşkil olundu. Mitinqin təşəbbüskarı Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri, general-mayor Andrey Volkov olub, onun sözlərinə görə, Ermənistan nizamlanmanın rus variantından imtina edərsə, sülhməramlı missiya Artsaxı tərk edəcək”.
Sosial şəbəkələrin erməni seqmentində yayılan məlumatlara görə isə, ikinci ad mitinqin maliyyə dəstəkçisi olan, uzun müddət Rusiyada yaşamış erməni milyarder, yaxın vaxtlarda isə qondarma separatçı rejimin naziri təyin edilmiş Ruben Vardanyandır. Qeyd olunub ki, Vardanyan Xankəndidən kənarda olanlara öz maşınları ilə mitinqə qatılmaları üçün hər birinə 8 litr benzin paylayıb. Ermənistandan gələnlərə isə 50 dollar mükafat ayırıb. Həmçinin o da qeyd olunub ki, mitinq iştirakçılarının su və qida ilə təminini də Ruben Vardanyan öz üzərinə götürüb.