Minsk Qrupu Ermənistanı dəstəklədi ki... – APA TV
“Azərbaycan Ermənistanla sülh və ikitərəfli münasibətlərin normallaşmasına çalışır”. Bunu Prezidentin köməkçisi, Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X sosial platformasında bildirib.
O, qeyd edib ki, Azərbaycan Avrasiyanın daha geniş xəritəsində ən uzunmüddətli münaqişələrdən birinin həlli modelini yaradıb. Hikmət Hacıyevin sözlərinə görə, Qarabağ münaqişəsi ATƏT-in qarşısında duran məsələlərdən biri olsa da, qurum bunu həll edə bilməyib. Prezidentin köməkçisi əlavə edib ki, Minsk Qrupu Həmsədrlik İnstitutu ona görə uğursuz oldu ki, həmin qurumun missiyası Ermənistanın Azərbaycana qarşı işğalını saxlamaq və davam etdirmək idi.
Hərbi işğal və ədalətsizliyin bu fəsli artıq başa çatıb. Ona görə də indi Azərbaycanın gündəliyi sülh və Ermənistanla Azərbaycan arasında ikitərəfli münasibətlərin normallaşdırılmasıdır. Amma istənilən sülh öhdəliyi iki tərəfin öz rolunu oynamasını tələb edir və Ermənistan da öz rolunu yerinə yetirməli, xoş niyyət nümayiş etdirməlidir.
Hikmət Hacıyev diqqətə çatdırıb ki, hazırda regionda yeni reallıqlar və status-kvo yaranıb. Bu yeni reallıqlar ədalət, qanunçuluq və legitimliyə əsaslanır.