Misirdə 2500 yaşlı nekropol tapıldı
Misir hökuməti Qahirədən 300 kilometr cənubda yerləşən Minya əyalətində mühüm əhəmiyyətli arxeoloji abidənin aşkarlanması barədə məlumat yayıb.
APA TV-nin “Reuters”ə istinadən xəbərinə görə, arxeoloqlar təqribən 2500 il yaşı olan nekropol tapıblar.
Bura içərisində 20 sarkofaq olan 16 cənazə şaxtası daxildir. Qazıntı iştirakçılarından Məhəmməd Əbdül Bəsirin sözlərinə görə, onlardan bəzilərinə heç toxunulmayıb: “Doqquzuna heç toxunulmayıb. Onları açdıq, içərisindən mumiya və amulet tapdıq. Sarkofaqlar sahiblərinin adları və titulları olan heroqliflərlə örtülüb”.
Alimlər deyir ki, məzarların əksəriyyətində Cehutinin - Ay, hikmət və zəka tanrısının baş keşişlərinin, digərlərində isə yüksək təbəqədən olan şəxslərin qalıqları var. Həmçinin məzarlıqda müxtəlif qiymətli əşyalar da tapılıb.
Misir hökuməti ümid edir ki, bir zamanlar paytaxt olmuş və "Yuxarı Nilin incisi" adlandırılan Minya şəhəri turistlərin diqqətini cəlb edəcək.