MM Madagiz kəndinin Suqovuşan adlandırılması barədə qanun qəbul edib

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib.

 

APA TV-nin məlumatına görə, iclasın gündəliyinə 18 məsələ daxil edilib.

 

Milli Məclisin spiker Sahibə Qafarova ilk növbədə cəbhədə baş verənlərdən, ermənilərin mülki əhaliyə qarşı etdiyi terror aktlarından danışıb. Sədr bildirib ki, Azərbaycan Prezidentinin də dediyi kimi, Dağlıq Qarabağ bizim torpağımızdır, ərazi bütövlüyümüz təmin edilməlidir: “Cəbrayıl artıq işğaldan azad edilib. Digər rayonlarımızın da azad ediləcəyi gün uzaqda deyil. Əldə edilən uğurlar zamanı itkilər də olur. Bütün şəhidlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm. Əminəm ki, bu gün dövlət başçısı və xalq arasında olan birliyin nəticəsində Qarabağın bütün yerlərində şanlı Azərbaycan bayrağı dalğalanacaq”.

 

Sahibə Qafarova bildirib ki, bütün ölkələrə, beynəlxalq təşkilatlara cəbhə bölgəsində baş verən hadisələr barədə məlumatlar göndərilir. Parlamentin dostluq qruplarının üzvü olan deputatlarımız müvafiq ölkələrə məktublar göndərir.

 

Deputat Əli Məsimli isə deyib ki, ATƏT-in Minsk Qrupuna həvalə olunmuşdu ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində göstərilən əsas şərti - erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxmasını təmin etsin. Onların görməli olduğu işi bu gün Azərbaycan Ordusu icra edir: “Dünən Minsk Qrupu həmsədr ölkələrinin XİN rəhbərləri yaydığı bəyanatda yenə də işğala məruz qalanla işğalçı arasında fərq qoymadı. Eyni zamanda, onlar xarici ölkələrə dezinformasiya verirlər. Onların yaydığı sənəddə Azərbaycan və Ermənistan ərazisində mülki obyektlərin hədəfə alındığı qeyd olunub. Amma burada yanlış informasiya dünyaya çatdırılır. Yaydıqları bəyanatdan görünür ki, onlar Dağlıq Qarabağı Ermənistan ərazisi hesab edirmiş. Buna etiraz edilməlidir”.

 

Fransa və digər həmsədrlərin radikal qərarlar qəbul etdiyini deyən Deputat Hikmət Babaoğlu təklif edib ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri Türkiyə olmalıdır.

 

Deputat Cavid Osmanov isə  Dağlıq Qarabağda yaşayan ermənilərə döyüş bölgələrindən uzaq olmaları üçün müraciət edib: “Amma erməni tərəfi döyüş bölgəsindən xeyli uzaqda yerləşən bölgələrimizə atəş açır. Bu gün erməni terrorunu dəstəkləyənlər eyni zamanda beynəlxalq terroru da dəstəkləyirlər. Əminəm ki, tez zamanda Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq və bütün yerlərimizdə Azərbaycanın şanlı bayrağı dalğalanacaq. Azərbaycan ordusu bu gün BMT-nin icra edilməmiş 4 qətnaməsini özü icra edir”.

 

Bu gün bütün vətəndaşlarımızın nümayiş etdirdiyi həmrəylik qələbəmizin yaxınlaşdığının göstəricisidir deyən deputat Soltan Məmmədov isə hesab edir ki, beynəlxalq təşkilatlar ermənilərin mülki əhalini və obyektləri atəşə tutmasına reaksiya vermir: “Bu, təəssüf doğurur. Biz görürük ki, beynəlxalq təşkilatlar qəbul edilən qərarları icra etmək gücündə deyil. BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, beynəlxalq hüququn bütün prinsiplərinə riayət etməklə işğal altında olan torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizə aparırıq. Eyni zamanda, pandemiya sahəsində olan qaydalara riayət etməklə də Ordumuza dəstək vermiş olarıq”.

 

Milli Məclisin Səhiyyə komitəsinin sədrinin müavini Rəşad Mahmudov isə diqqətləri arxa cəbhədə COVID-19-la mübarizəyə yönəldərək bildirib ki, bu gün arxa cəbhədə Azərbaycan əsgərinin sağlamlığının qorunması üçün səhiyyə işçiləri də var gücü ilə çalışır: “Bu gün sadəcə ordu sıralarında olan səhiyyəçilər deyil, ölkəmizin özəl müəssisələrində çalışan səhiyyə işçiləri də ön cəbhədə öz işlərini görməyə davam edirlər. Mən müraciət edirəm ki, bu gün hər bir vətəndaş COVID-19-la bağlı qoyulan qaydalara əməl etməlidir ki, əsgərlərimizin sağlamlığını qoruyan həkimlərimizi arxa cəbhəyə qayıtmalı olmasınlar”.

 

Daha sonra “Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

 

Layihəyə əsasən, Azərbaycan Respublikasının Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndinin Suqovuşan adlandırılması təklif olunub.

Qanun layihəsi səsə qoyularaq, bir oxunuşda qəbul edilib.

 

İlahə Vəliyeva,

Musa Qulammirzəyev,

APA TV

 

 

Müəllif | Apa.Tv
Apa.tv