MN: Düşmən cəbhənin müxtəlif istiqamətlərində itkilər verərək geri çəkilib
Noyabrın 4-ü gün ərzində və 5-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.
APA TV xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.
Bildirilir ki, döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.
Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.
Müdafiə Nazirliyinin daha bir məlumatında isə bildirilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.
Noyabrın 4-ü axşam saatlarından başlayaraq 5-i saat 04:50-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub.
Noyabrın 5-i səhər saatlarınadək Goranboy və Tərtər rayonlarının yaşayış məntəqələri də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən fasilələrlə atəşə tutulub.
Səhər saat 07.50-də isə Ağcabədi rayonun Qiyaməddinli kəndinə düşmən tərəfindən 4 ədəd mərmi atılıb.