MN: Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib
Noyabrın 5-i gün ərzində və 6-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.
Müdafiə Nazirliyindən APA TV-yə verilən xəbərə görə, döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.
Hazırda döyüş əməliyyatları davam edir. Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.
Müdafiə Nazirliyindən verilən digər bir xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.
Belə ki, noyabrın 5-dən 6-na keçən gecədən başlayaraq səhər saat 05:00-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub.
Eyni zamanda, bu gün saat 08:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini, rayonunun Qazyan və Hüsənli kəndlərini də atəşə tutur.
Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülür.
Gecə ərzində Goranboy rayonunun Tapqaraqoyunlu kəndi də düşmən tərəfindən artilleriya atəşinə tutulub.