MN düşmənin itkilərini açıqladı

“Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə qismən səfərbərlik elan edilib. Bu istiqamətdə tədbirlər həyata keçiriləcək”.

 

APA TV-nin xəbərinə görə, bunu Müdafiə Nazirliyinin keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

 

O bildirib ki, indiyə qədər keçirilən hərbi toplanış tədbirləri çərçivəsində ehtiyatda olan hərbçilərin təlimlərə cəlb edilməsi prosesi həyata keçirilirdi.

 

Prezidentin köməkçisi Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda yerləşdirilməsinin regional sülh üçün təhlükə olduğunu deyərək bildirib ki, diplomatik korpus bu barədə məlumatlandırılıb: “Müdafiə Nazirliyi ölkəmizdəki xarici hərbi attaşeləri Ermənistanın təxribatı barədə məlumatlandırıb. Ermənistan tərəfindən çox saxta və cılız məlumatlar hazırlanır. Bu qədər saxta məlumat hazırlayan silahlı qüvvələrə Ermənistan xalqının özü etibar etməz. Azərbaycan silahlı qüvvələri beynəlxalq hüququn prinsiplərini nəzərə alaraq fəaliyyət göstərir”

 

Hikmət Hacıyev general Mayis Bərxudarovla bağlı Ermənistan tərəfindən yayılan yalanların məqsədinin öz cəmiyyətlərində təşvişi azaltmaq olduğunu qeyd edib. Azərbaycan generalları ordumuzun rəhbərliyində öz döyüş əməliyyatlarını davam etdirir: “Ermənilərin yalan məlumatları ifşa olunur. Eyni zamanda xarici media nümayəndələrinin Azərbaycana səfəri təşkil olunub. Burada Rusiya, Türkiyə və digər media resurslarının nümayəndələri var. “Əl-Cəzirə” telekanalının nümayəndələri də ölkəmizdə səfərdədir. Onlara Ermənistanın təxribatları ilə bağlı məlumat veriləcək ki, beynəlxalq ictimaiyyətə tam dolğun informasiya ötürülsün”.

 

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə bildirib ki, Ermənistan tərəfinin Tərtərə hücumları ilə əlaqədar Müdafiə Nazirliyi qarşı tərəfə xəbərdarlıq edib, və tərəfimizdən lazımi addımlar atılacaq.

 

Onun sözlərinə görə, Ermənistan tərəfinin Azərbaycan Ordusunun itkiləri ilə bağlı yaydığı məlumatların isə heç bir əsası yoxdur: “Bu, Ermənistan əhalisi arasında olan təşvişi azaltmağa xidmət edir. Kəşfiyyat məlumatlarına əsasən, düşmənin 24 ədəd tank və digər texnika, 15 ədəd OSA, 18 ədəd PUA-sı məhv edilib. Düşmən tərəfi ölü və yaralı olmaqla, 550 itki verib. Düşmənin itkiləri arasında Suriyadan olan erməni əsilli muzdluların cəsədlərinin olması müəyyənləşib. Ermənistan tərəfi bu məlumatı həm yerli, həm beynəlxalq ictimaiyyətdən gizlədir”.

 

Anar Eyvazov onu da əlavə edib ki, raket atışları ilə düşmənin müqavimətinin qırılması üçün addımlar atılır.

 

İlahə Vəliyeva

Üzeyir Ağayev

APA TV

Müəllif | Apa.Tv
Apa.tv