Möhtəşəm idman kompleksindən reportaj - Su İdmanı Sarayı

Bu gün Azərbaycanda idman infrastrukturu gücləndirilib, bu sahənin inkişafına böyük diqqət ayrılıb. İdmançılarımızın beynəlxalq yarışlarda qazandığı uğurlar da bu diqqətin göstəricisidir. Uğurlarımızın daha da artırılması üçün ölkənin demək olar ki, hər bir bölgəsində müasir idman kompleksləri istifadəyə verilib. Onlardan biri də artıq 7 ildir ki, fəaliyyət göstərən Su İdmanı Sarayıdır.

 

2015-ci ildə istifadəyə verilən Saray Prezident İlham Əliyevin tapşırığı əsasında tikilib. Avropanın ən iri idman kopleksləindən biri sayılır və Avropa Olipmiya Komitəsinin, Bey­nəl­xalq Üz­gü­çü­lük Fe­de­ra­si­ya­sı­nın tə­ləb­lə­ri­nə tam ca­vab ve­rir. Burada 2015-ci ildə ilk Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəylik Oyunları, 2019-cu ildə isə Avropa Gənclər Olimpiya Festivalı keçirilib. Çimərlik voleybolu üzrə Avropa Çempionatı da burada baş tutub.    

Kompleksin direktoru Elçin Həsənov deyir ki, dövlət başçısının uğurlu idman siyasəti nəticəsində Azərbaycanda idman kütləvi inkişaf edir və idmanla məşğul olmaq istəyən gənclərin sayı hər gün artır:

 

“Üzgüçülük, bədii gimnastika, bədii üzgüçülük üzrə dəfələrlə həm yerli, həm də beynəlxalq yarışlar təşkil edilib. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Dövlət başçısının uğurlu idman siyasəti nəticəsində Azərbaycanda idman kütləvi forma alıb. İdmanla məşğul olmaq istəyən gənclərin sayı artır. Burada idmanla məşğul olmaq üçün hər bir şərait yaradılıb. 7 il ərzində multifunksional idman kompleksi yaratmağa nail olunub”. 

 

Ölkənin idman fəaliyyətində yaxından iştirak edən bu kompleks müasir infrastruktura malikdir.

Burada su idmanı növləri ilə yanaşı, digər idman növləri ilə də məşğul olmaq mümkündür. Ancaq adından da göründüyü kimi əsas istiqamət su idmandır. Saray su idmanı üzrə bütün yığma komandalar üçün dayaq bazası rolunu oynayır.

 

 

Sarayın şöbə müdiri, yığma komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov deyir ki, hazırda kiçik yaşlı uşaqların seleksiyası ilə məşğuldurlar:

 

“Buna nümunə olaraq aprelin 10-da Bakı Su İdman Sarayında iki yarış keçirdik. Bu yarışlarda 400-ə yaxın idmançı iştirak etdi. Birincisi qapalı yarış idi və 205 idmançı iştirak etmişdi. Gələcəkdə daha yaxşı nəticə göstərə biləcək idmançılar məşqçilər briqadamız tərəfindən seçildi. Onlarla daha böyük səpkidə işlər aparılacaq. 6 yaşından gələn idmançı 3 olimpiya yaş qrupuna yönlənməlidir. Bu da 12 il edir. Yəni, 12 il ərzində uşaq düzgün məşq keçirsə, perspektivi varsa və şərait imkan verirsə, 12 ildən sonra Olimpiya oyunlarında ölkəsini təmsil edə bilər.Su İdman Sarayının açılmasından sonra Azərbaycan milli yığma komandasında idman ustalarının sayı birə beş artıb. Azərbaycan ilk dəfə yeniyetmələrin Avropa çempionatında finalda yarışdı. Olimpiya oyunlarına A lisenziyası qazandı və dünya çempionatında 6-cı oldu”.

 

Su İdmanı Sarayındakı ayrı-ayrı hovuzlar təkcə Avropa miqyasında yarışların standartlarına deyil, həm də ümumdünya miqyasında daha mötəbər idman yarışlarının, olimpiya oyunlarının tələblərinə tam cavab verir. Su polosu üzrə yığma komandanın baş məşqçisi Ümid Məmmədov bildirdi ki,  hazırda su polosu üzrə milli komanda mayın ilk həftəsində keçiriləcək respublika yarışına hazırlaşır:

 

 

“Məşqlər planlı şəkildə keçirilir. Məqsədimiz ilk növbədə idmançılarımızın fiziki, texniki və taktiki səviyyələrini yüksəltməkdir. Demək olar ki, həftənin bütün günləri məşq edirik”.

 

Burada üzgüçülük, sinxron üzgüçülük, su polosu, çimərlik idman növələri ilə yanaşı, bədii gimnastika, müxtəlif döyüş növləri, futbol, fitnes, hətta xareoqrafiya ilə məşğul olmaq istəyənlər üçün də imkan yaradılıb. Sarayın mətbuat katibi və ictimaiyyətlə əlaqələr üzrə şöbəsinin rəhbəri Elnarə Əliyeva bildirdi ki, fəaliyyətə başladıqları gündən əsas məqsəd sağlamlığımızın təməli hesab olunan idmanın kütləviliyənə nail olmaqdır.

 

“Burada həm xanımlar, həm bəylər, həm də uşaqlar bütün xidmətlərimizdən istifadə edə bilərlər. Xüsusən valideynlər uşaqlarını komleksə verməzdən öncə burada yaradılan şəraitlə yaxından tanış ola bilərlər. Təmizlik, təhlükəsizlik və məşqçilərin peşəkarlığı ən yüksək səviyyədədir. Digər tərəfdən həm evdar, həm də işləyən xanımlarımız üçün məşq proqramlarmız var”.

 

Su İdmanı Sarayında bədii gimnastika üzrə gələcək idmançıların yetişdirildiyi zal da var. Olimpiya idman növü kimi bədii gimnastikaya həm uşaqlar, həm də valideynlər xüsusi maraq göstərir. Su İdmanı Sarayının bədii gimnastika üzrə baş məşqçisi Nəzirəxanım Fərhadova bildirdi ki, burada 3 yaşından yuxarı uşaqları yığma komanda üçün yetişdiririk.

 

“Daha sonra onlar həm respublika, həm də beynəlxalq səviyyəli yarışlarda ölkəmizi təmsil edirlər. Hazırda əsas qrupumuzda 20-yə yaxın idmançı var. Əsas qrup dedikdə yarışlara hazırlaşanlar nəzərdə tutulur. Bu gimnastlar həftədə 6 gün 4-5 saat məşğul olurlar. Yarış ərəfəsində isə gündə 2 dəfə səhər və axşam məşqləri edirlər. Su İdmanı Sarayında bədii gimnastika ilə yanaşı xareoqrafiya dərsləri də keçilir”.

 

Bədii gimnastika salonunun yanında isə 2500 kv. metr sahəsi olan fitnes zalı yerləşir. Zalda ən müasir fitnes avadanlıqları quraşdırılıb. Burada həm ağırlıqqaldırma, həm də yoqa və pilateslə məşğul olmaq üçün imkan var. Paralel olaraq kompleksdə Yapon idman növü olan Ciu-Citsu ilə məşğul olmaq üçün də hər cür şərait yaradılıb. Əməkdar məşqçi Əli Cəfərov bildirdi ki, burada 6 yaşından tutmuş, bütün şəxslər bu idman növü ilə məşğul olurlar.

 

Bun­dan əla­və, sa­ray­da 150 yer­lik res­to­ran, əlil ta­ma­şa­çı­lar və me­dia üçün xüsusi böl­mə­lə­r in­şa olu­nub. Kompleksdə qonaqlar üçün gözəllik salonu, hər cür buxar və çox funksiyalı duş kabinələri ilə təmin olunmuş spa mərkəzi, terapevt və masaj otağı fəaliyyət gostərir. Həmçinin Su İdmanı Sarayının nəznində adrenalin və avtoidman həvəskarları üçün “Baku City Karting” fəaliyyət göstərir. Burada Formula 1 pilotlarının yetişməsi üçün də şərait yaradılıb. Bundan başqa, 7 yaşından yuxarı hər kəs burada kartinqlə məşğul ola bilər.“Baku City Kartinq” mərkəzinin rəhbəri Cəmil Tağıyev bildirdi ki, 802 metr uzunluğunda və 22 döngədən ibarət olan kartinq mərkəzində ümumilikdə  39 kart var. Burada ən uzun düz yol 69 m təşkil edir. Mərkəzdə eyni anda 24 kartın hərəkəti mümkündür:

 

“6 at gücü olanlar uşaqlar, 13 ədəd 9 at gücündə olanlar isə böyüklər üçün nəzərdə tutulub. 10 ədəd 13 at gücündə olan kartlarımızdan peşəkarlar istifadə edirlər. Əlavə olaraq, uşağıyla oturmaq istəyənlər üçün də 2 nəfərlik kartlar var”.

 

Sağlam cəmiyyətin özəyi kütləvi idmandır. Sağlam olmaq üçün isə Su İdmanı Sarayının xidmətlərindən faydalanmaq kifayətdir. Baxmayaraq ki, bura ölkənin tanınmış ictimai-siyasi xadimləri, mədəniyyət və  incəsənət nümayəndələri gəlir, mərkəzdə qiymətlər olduqca münasibdir. 50 manatdan başlayan qiymətlər idmanın növləri və yaş qrupları üzrə dəyişir.

.

 

AYTƏN SAKİTQIZI

XƏYAL İSKƏNDƏROV

FARİZ QULUYEV

APA TV

 

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv