Moldovanın Baş naziri Azərbaycana niyə gəlib? - QARABAĞDA DİRÇƏLİŞ

Bakıda Moldovanın baş naziri Nataliya Qavrilitsa ilə Azərbaycanın işgüzar nümayəndələrinin görüşü baş tutub.

 

APA TV xəbər verir ki, görüşdə Azərbaycanla Moldova arasındakı iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi barədə danışılıb.

 

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov qeyd edib ki, cari ilin yanvar-avqust aylarında Azərbaycanla Moldova arasında ticarətin həcmi 13,5 mln. dollar təşkil edərək ötən illə müqayisədə 4 dəfə artıb.

 

Nazir müavininin sözlərinə görə, bu il Azərbaycandan Moldovaya ixrac olunan məhsulların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 dəfə artıb. 1995-2021 illər ərzində iki ölkə arasında qeyri-neft sektoruna qoyulan investisiya həcmi də çoxalıb.  Qeyri-neft sahəsində Azərbaycan Moldovaya 9,7 mln. dollar, Moldova isə Azərbaycana 3,8 mln dollar investisiya qoyub. Azərbaycanda ticarət, nəqliyyat, inşaat, xidmət sektorunda Moldovanın 24 şirkəti qeydə alınıb.

 

Sahib Məmmədov bildirib ki, işğaldan azad edilmiş ərazilərdə yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parkı və “Ağdam Sənaye Parkı” artıq fəaliyyət göstərir və investorların, sahibkarların üzünə açıqdır.

 

Onun sözlərinə görə, ölkəmizdə əsas məqsədlərdən biri də Qarabağın və işğaldan azad olunan Şərqi Zəngəzur ərazilərinin inkişaf etdirilməsidir. Artıq Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib və yaxın zamanda Zəngilan Beynəlxalq Hava Limanı fəaliyyət göstərəcək.

 

Nazir müavini əlavə edib ki, yaşayış məntəqələrinin bərpası üzrə tikinti işləri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasından istifadə edilməklə həyata keçirilir. Qarabağ “yaşıl enerji” zonası elan edilib. “Yaşıl” və alternativ enerjidən istifadəyə, “sıfır tullantı” konsepsiyasına xüsusi diqqət yetirilir. İşğaldan azad edilmiş ərazilərdə bütün layihələr ən müasir texnologiyalardan və ekoloji standartlardan istifadə edilməklə həyata keçirilir.

 

Nataliya Qavrilitsa isə qeyd edib ki, Moldovada azərbaycanlı investorlar üçün geniş yatırım imkanları var.

 

Baş nazirin sözlərinə görə, Cənubi Qafqazın açar ölkəsi olan Azərbaycan etibarlı tərəfdaşdır, həmçinin güclü biznes imkanları var. O bildirib ki, Maldova ölkələr arasında biznes və ticarət sahəsində əlaqələrin daha da genişlənməsinin tərəfdarıdır və təchizat zənciri ilə yanaşı, enerji sahəsində əməkdaşlığa da önəm verir.

 

Nataliya Qavrilitsa bildirib ki, hazırkı qaz və enerji böhranı ilə bağlı Moldova 300 milyon kubmetr həcmdə qaz almaq istəyir.

 

Onun sözlərinə görə, Maldovanın iki aylıq tələbi 300 milyon kubmetr həcmindədir. O bildirib ki, heç bir ölkə bir təchizatçıdan asılı olmaq istəmir. Buna görə də ölkəsi alternativ təchizatçılar axtarışındadır. O vurğulayıb ki, rəsmi Bakı ilə də bu məsələ müzakirə edilib və hazırda Azərbaycan qazına Avropa ölkələrində böyük tələb yaranıb.

 

ŞƏMS QULİYEVA

XƏYAL İSKƏNDƏROV

APA TV

Müəllif | Apa.Tv
Apa.tv