Moskva Dövlət Universitetinin dosenti: “Erməni vəhşiliyini görmək istəyən Ağdama gəlsin”
Xarici ölkə jurnalistləri Ağdama səfər edib.
APA TV-nin yerli bürosunun məlumatına görə, səfərdə məqsəd xarici medianın Xocalı faciəsi haqqında daha ətraflı məlumatlandırılmasıdır.
Prezident Administrasiyası və Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə təşkil olunan səfərdə yerli və xarici jurnalistlər iştirak ediblər. İşğaldan azad olan Ağdam şəhərinə səfər edən media nümayəndələri ilk olaraq Ağdam cümə məscidinə gəliblər.
Xocalı soyqırımı günü Ağdamda olan və faciə qurbanlarının şəklini çəkən tanınmış fotoqraf Rza Deqqəti və hadisə şahidləri jurnalistlərə erməni vəhşiliyi barədə məlumat veriblər.
Jurnalistlərə açıqlamasında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinin dosenti, Rusiya Dövlət Humanitar Universiteti yanında Qafqazşünaslıq Mərkəzinin rəhbəri İsmayıl Ağakişiyev belə bir mənzərə ilə qarşılaşacaqlarını gözləmədiklərini bildirib. O, erməni vəhşiliyini görmək istəyənləri Ağdama səfər etməyə çağırıb.
Ağdamda səfərdə olan tanınmış gürcü jurnalist Giorgi Saralidze isə bildirib ki, 80-ci illərin ortalarında atası ilə birlikdə səfər etdiyi şəhərdən heç nə qalmayıb.
Gürcü jurnalist bu miqyasda dağıntıların niyə törədildiyini anlamaqda çətinlik çəkdiyini də qeyd edib.