Moskvada Azərbaycan və Rusiya Xarici İşlər nazirlərinin görüşü olub
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Rusiyaya rəsmi səfər edib.
APA TV-nin Moskva müxbirinin verdiyi məlumata görə, Ceyhun Bayramov ilk olaraq Kremldə Naməlum Əsgərin məzarı önünə əklil qoyub.
Nazir daha sonra rusiyalı həmkarı ilə görüşmək üçün Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar Evinə yollanıb.
Burada keçirilən görüş təkbətək formatda başlayıb, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.
Hazırda iki ölkə arasında 200-dən çox sazişin qüvvədə olduğunu deyən Azərbaycan XİN başçısı ölkələrimiz arasındakı münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayıb.
Sergey Lavrov isə çıxışında Ceyhun Bayramovu Azərbaycanın Xarici İşlər naziri təyin olunması münasibətilə təbrik edib. Bildirib ki, azərbaycanlı nazirin digər vəzifələrdə təcrübəsi strateji tərəfdaşlığımızın bundan sonra da dərinləşməsini təmin edəcək.
Daha sonra nazirlər danışıqların yekunları ilə bağlı birgə mətbuat konfransı keçirib.
Mətbuat konfransında Rusiya Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ətraflı fikir mübadiləsi apardıqlarını bildirib.
O, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bundan sonra da həm milli formatda, həm də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri çərçivəsində səylərini davam etdirəcəyini deyib: “Biz ümumilikdə nizamlanma prosesinin davam etdirilməsinə köklənmişik. Bu mənada stabil və dayanıqlı danışıqlar prosesini təmin etmək üçün lazımi atmosfer yaratmaq lazımdır. Əlbəttə ki, danışıqlar danışıqlar xətrinə yox, sülh yolu ilə həll üçün məqsədyönlü olmalıdır”.
Xarici İşlər Naziri Ceyhun Bayramov isə bildirib ki, Azərbaycanın münaqişənin nizamlanmasına dair mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, habelə beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərə, ilk növbədə isə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır: “Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, regionun böyük dövlətidir. Bu cəhətdən biz Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında daha aktiv rol oynamasına xüsusi ümid bəsləyirik”.
Nazir qeyd edib ki, yerli azərbaycanlılar o ərazilərdən didərgin salınıb, onların evlərində isə xaricdən, o cümlədən Yaxın Şərqdən gətirilmiş etnik ermənilər məskunlaşdırılır. Bu isə öz növbəsində beynəlxalq humanitar hüququn, ilk növbədə isə Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır.
Ceyhun Bayramov həmçinin bildirib ki, Ermənistanın destruktiv mövqeyi bu il iyulun 12-16-da vəziyyətin eskalasiyasına gətirib çıxarıb. Ermənistan Silahlı Qüvvələri Tovuz istiqamətində həm Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə, həm də mülki evlərə zərbələr endirib. Nəticədə 76 yaşlı mülki şəxs həlak olub. Nazirin sözlərinə görə, bu akt Ermənistanın müxtəlif məqsədlərlə əvvəldən planlaşdırdığı provokasiyadır.
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün bundan sonrakı səylər üçün baza qalırmı, bu səylərin səmərəliliyini necə artırmaq olar? Bildirmək istəyirəm ki, münaqişənin nizamlanmasına dair baza kifayət qədər ciddi şəkildə hazırlanıb”, - deyən Sergey Lavrov bu bazanı itirmək cəhdlərinin olduğunu da bildirib: “Təəssüf ki, biz belə cəhdlər görmüşük. O cümlədən danışıqların tərkibinin dəyişdirilməsi cəhdləri də bura daxildir. Hansı ki, həmsədrlər tərəfindən qəbuledilməzdir və biz bu barədə açıq bəyan etmişik”.
Rusiyanın Xarici İşlər naziri həmçinin həmsədrlərin növbəti ay regiona - Bakı və İrəvana səfər etməyi planlaşdırdıqlarını da qeyd edib.