Moskvada karantin rejimi ləğv olundu – MER ƏHALİYƏ MÜRACİƏT ETDİ

Rusiyanın paytaxtı Moskvada karantin rejimi ləğv olunub. Mart ayının 28-dən mərhələli şəkildə tətbiq olunan özünütəcrid, aprel ayının ortalarından tətbiq olunan xüsusi buraxılış rejimləri ötən gündən başlayaraq qüvvədən düşüb.

APA TV-nin xarici bürosunun verdiyi məlumata görə, Moskvanın meri Sergey Sobyanin paytaxt əhalisinə müraciət edərək koronavirus infeksiyasının yayılması ilə bağlı tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin ləğv olunduğunu açıqlayıb. Paytaxtda koronavirusla bağlı vəziyyətin sabitləşdiyini bildirən şəhər meri sosial məsafə gözlənilməklə, eyni zamanda ictimai yerlərdə qoruyucu maska və əlcəklərdən istifadə olunmaqla paytaxt sakinlərinin sərbəst hərəkətinə icazə verildiyini bildirib.

Moskva dünəndən başlayaraq, əvvəlki həyat rejiminə qayıdıb. İki aydan çoxdur ki, bağlı qalan gözəllik salonları, bərbərxanalar, sosial xidmət mərkəzləri, karşerinq xidmətləri fəaliyyətlərini davam etdirməyə başlayıblar. Bununla belə bütün xidmət sahələri fəaliyyətini bərpa etməyib. Moskva hökuməti koronavirus təhlükəsinin hələ də yüksək olduğunu nəzərə alaraq yumşaldıcı tədbirlərin tədricən həyata keçirilməsinə icazə verib. Belə ki, yay verandası olan kafe və restoranların fəaliyyətinə iyunun 16-dan icazə verilib. Uşaq bağçaları, idman zalları və hovuzlar isə iyunun 23-dən Moskva sakinlərinə xidmət göstərəcəklər.

- İndi azadlıqdır, hər yerə getmək olar. Azadlıq gözəl hissdir. Sadəcə, maska taxmaq lazımdır. Bax, siz düz edib maska taxırsınız. Dözmək lazımdır.

- Evdə oturmaq, çölə çıxıb hava almamaq çox ağır idi. O qədər evdə oturmuşam ki, indi ayaqlarım çətinliklə yeriyir.

- Ay yarım idi evdə idim, poliklinikaya da getmirdim. İndi evdən çıxıb poliklinikaya gedirəm.

Moskva hökuməti koronavirus infeksiyasına görə indiyə kimi tətbiq olunan bütün məhdudlaşdırıcı tədbirlərin iyun ayının sonuna kimi tam aradan qaldırılacağını açıqlayıb.

Qeyd edək ki, karantin rejimi ləğv olunmasına baxmayaraq, Moskva Rusiya regionları arasında koronavirus infeksiyasına yoluxma və ölüm hallarına görə ilk sırada durur. Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqladığı məlumata görə, son sutka ərzində Rusiya paytaxtında 1195 nəfər koronavirusa yoluxub, 56 nəfər isə həyatını itirib.

Fərid Əkbərov

APA TV  

Müəllif | Apa.Tv
Apa.tv