Moskvada Mehriban Əliyeva və Dmitri Medvedev arasında görüş olub

Rusiyada rəsmi səfərdə olan Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 21-də Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb.

APA TV-nin məlumatına, Rusiya Hökumətinin Qəbullar Evinə gələn 1-ci vitse-prezidenti Dmitri Medvedev qarşılayıb.

Sonra Mehriban Əliyevanın Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevlə görüşü olub.

Rusiya Hökumətinin sədri Dmitri Medvedev Azərbaycanın 1-ci vitse-prezidentini salamlayaraq, sonuncu dəfə 2016-cı ildə ölkəmizdə olduğunu bildirib, Prezident İlham Əliyevə salamlarını çardırmağı xahiş edib. Mehriban Əliyevanın səfər proqramının mükəmməl və zəngin olmasından məmnunluq ifadə edib. Azərbaycan rəsmisinin Vladimir Putinlə görüşünü, Rusiya regionlarının böyük bir hissəsinin iştirak edəcəyi genişmiqyaslı regionlararası forumun əhəmiyyətini xüsusi qeyd edib. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılışını da əlamətdar hadisə kimi səciyyəl əndirib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi səfərə dəvətə görə Rusiya Federasiyasının rəhbərliyinə minnətdarlığını bildirib. Moskvanı doğma şəhər adlandıran Mehriban Əliyeva tələbəlik illərini xatırlayıb. Azərbaycan Prezidentinin salamlarını çatdırıb.

 

Azərbaycanın Rusiya ilə qarşılıqlı münasibətlərə böyük əhəmiyyət verdiyini vurğulayıb. Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi, həmçinin hər iki tərəfin birgə səyləri sayəsində münasibətlərin strateji tərəfdaşlığa çevrildiyini diqqətə çatdırıb. Onların mütəmadi olaraq görüşlər keçirdiyini deyib. Ticari tərəfdaşlığı, Azərbaycan iqtisadiyyatına yatırılan Rusiya sərmayələrinin həcminın artmasını, Azərbaycanın Rusiyaya sərmayə qoyduğunu xatırladan 1-ci vitse-prezident əldə olunan nailiyyətlərin daha da inkişaf etdirilməsinin mümkünlüyündən danışıb, səfəri çərçivəsində X regionlararası forumun əhəmiyyətini ifadə edib.

 

Azərbaycanda rus dilində təhsil tam şəkildə qorunub saxlanıldığı vurğulanıb. Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları Azərbaycanda uğurla fəaliyyət göstərdiyi məmnunluqla xatırlanıb.

Müəllif | Apa.Tv
Apa.tv