Moskvadan qayıdan Vardanyan İrandan kömək diləndi - Arayik yoxlamalara başladı

Moskvaya gizli yollarla gedib qayıdan Xankəndidəki separatçı rejimin dırnaqarası dövlət narazi Ruben Vardanyan gələr-gəlməz İran mətbuatına müsahibə verib. O müsahibəsində İrandan kömək istəyib və bildirib ki, 2020-ci ilin noyabr ayından sonra Qarabağdakı ermənilərin təhlükəsizliyini İran hökuməti qorumalıdır:

 

“Ermənilərin iranlılarla dostluğu minilliklərə malikdir. Azərbaycan Artsaxın torpaqlarını işğal etdikdən sonra, İran təhlükəsizlik problemi ilə üzləşib. Buna görə də İran bütün region üçün yarana biləcək təhlükəsizlik problemlərinin qarşısını almaq üçün iştirak etməlidir”.

 

O müsahibəsində İranın ali dini liderinin Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin qorunub saxlanması ilə bağlı çıxışını da xatırladaraq bildirib ki, məhz buna görə İran hökuməti bölgədəki rolunu artırmalıdır.

Bəzi siyasilər düşünürlər ki, Vardanyan Tehrana quyruq bulamaqla Arayik Arutunyana qarşı mövqeyini gücləndirməyə çalışır.

Xatırladaq ki, Xankəndidəki separatçı qurumun rəhbəri Arayik Arutunyan da Moskvaya çağırılmışdı. Geri dönər-dönməz isə dırnaqarası konstitusiyalarına dəyişikliklə bağlı fərman imzalamışdı. Dəyişikliyə görə, separatçı rejimdə hərbi vəziyyət dövründə prezident postunun boş qalması halında qondarma parlament tərəfindən prezidentin seçilməsi və bu seçkilərin xüsusiyyətləri ilə bağlı konstitusiyaya dəyişiklik edilməsi nəzərdə tutulub.

Analitiklər düşünürlər ki, bu addım Arayikin tezliklə istefaya gedəcəyindən və Moskvanın tələbi ilə postu Vardanyana təhvil vermək üçün hazırladığından xəbər verir. Erməni mətbuatı başqa bir maraqlı məlumat da paylaşıb. Qondarma respublikanın təhlükəsizlik şurasının keçmiş sədri general-mayor Samvel Babayan İrəvandan Qarabağa gedib. O, illər öncədən Qarabağdakı dırnaqarası dövlətin konstitusiyanın dəyişdirilməsinə çalışırdı. Erməni siyasilər isə əksini düşünərək bildirirlər ki, dəyişiklik və Babayanın Qarabağa qayıdışı generalın Ruben Vardanyanı əvəz etməsi ilə bağlı görülən hazırlıqdır. Üstəlik, Samvel Babayan bir müddət öncə Vardanyan tərəfindən tərəfindən ləğv edilən baş nazir postunun bərpası üçün konstitusiyaya dəyişiklikləri də tələb edir. Erməni nəşri “Past” xəbər verir ki, qondarma ölkədəki hüquq-mühafizə orqanlarının rəhbərləri ilə iclas keçirən qondarma prezident Arayik Arutunyan göstəriş verib ki, ayrılan maliyyə ilə bağlı araşdırma başlansın və kənd təsərrüfatına edilən xərclərdəki israfları yaradan şəxslər məsuliyyətə cəlb edilsin, xüsusən də 2020-ci ilin noyabrından sonra ayrılan vəsaitlərin xərcləri müəyyənləşdirilsin və qondarma dövlətə dəyən ziyan ödənilsin.

Erməni mətbuatı yazır ki, Arayik bu qərarı Vardanyana qarşı yeni rıçaqlar qazanmaq üçün verib. Bildirilir ki, müharibədən sonra Qarabağdakı ermənilərə müxtəlif fondalardan köçürülən vəsaitin məbləği 10 milyard dramdır, bu da təxminən  25.5 milyon dollar edir. Beləliklə Arayik büdcənin talanmasında illərdir Rusiya milyarderlərinin vergidən gizlədilən çirkli pullarını ofşorlara çıxarmaqla dolanan, beynəlxalq mediada “Kremlin pul yuyan maşını” kimi tanınan Vardanyandan şübhələnir. Görünür, separatçıların pul davası ikisindən birinin sonu çatanadək davam edəcək.

Müəllif | Apa.Tv
Apa.tv