Mövlud Çavuşoğlu: “Azərbaycana həmişə hər yerdə dəstək verəcəyəm”

“Prezident İlham Əliyev tərəfindən təltif olunmağım mənim üçün şərəfdir”.

 

APA TV-nin məlumatına görə, bunu bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasından sonra jurnalistlərə açıqlamasında Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

 

O bildirib ki, Azərbaycanı müdafiə etdiyi və Türkiyə-Azərbaycan əməkdaşlığını gücləndirmək istiqamətində çalışdığı üçün təltif olunub: “Türkiyədə hər bir kəs Türkiyənin haqlı davasını müdafiə etməklə bərabər, Azərbaycanın da mübarizəsini dəstəkləyir. Azərbaycan biz olmadığımız yerlərdə Türkiyənin haqlarını bizim qədər müdafiə edir. Ona görə Prezident İlham Əliyev tərəfindən bu medalla təltif olunmağım bir qürurdur”.

 

Nazir qeyd edib ki, bundan sonra da Azərbaycanı müdafiə etməyə davam edəcəklər: “Bir millət, iki dövlətiksə, bunun gərəyini yerinə yetirməliyik. Siyasi həyatımda Azərbaycanın haqlı mübarizəsinə həmişə hər yerdə dəstək verəcəyəm”.

 

M.Çavuşoğlu qeyd edib ki, dünən İstanbulda Sabiha Gökçen hava limanında təyyarənin uçuş zolağından çıxması nəticəsində yaralananlar arasında bir Azərbaycan vətəndaşı da olub: “Biz bir millət, iki dövlətik. O insanımıza da lazımi diqqət göstəriləcək”.

Müəllif | Apa.Tv
Apa.tv