Mövlud Çavuşoğlu: “Dünyanın həqiqətləri söyləməsi üçün Azərbaycanla birlikdə mübarizəmizi davam etdirəcəyik”

Bakıda səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramovla görüşüb.

 

APA TV xəbər verir ki, görüşdən sonra jurnalistlər üçün mətbuat konfransı keçirən XİN rəhbərləri bir sıra açıqlamalar verib. Nazir Ceyhun Bayramov bildirib ki, 1994-cü ildə atəşkəs razılaşması əldə olunduqdan 2018-ci ilə kimi biz danışıqlarda erməni tərəfinin konstruktiv olmamasını müşahidə edirdiksə, 2018-ci ildən sonra danışıqlar prosesində fərqli gündəm yaranıb.

 

Belə ki, 2018-ci ildən etibarən Ermənistanın yeni hərbi-siyasi rəhbərliyi danışıqlar prosesinə olduqca ağır zərbələr vurub.

 

Nazirin sözlərinə görə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin düşüncə tərzi terrorçu düşüncə tərzidir.

 

Ötən həftədən başlayaraq, Ermənistan ərazisindən Daşkəsən, Şəmkir ərazilərinin atəşə tutulmasında əsas məqsəd isə odur ki, Azərbaycan cavab tədbirləri həyata keçirsin və Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etsin, üçüncü tərəfləri bu konfliktə cəlb etsin: “Ötən həftənin şənbə günündən başlayaraq isə Ermənistan Azərbaycanın 100-200 km uzaqlıqdakı böyük şəhərlərini - Gəncəni, Mingəçeviri hədəfə aldı. Hərbi əməliyyatların aparılması özü-özlüyündə xoşagəlməz ssenaridir. Lakin hərbi əməliyyatlarının aparılmasın özünün də bəlli qaydaları var. Ermənistan üçün isə heç bir qırmızı xətt yoxdur. Ermənistanın hərbi-siyasi rəhbərliyinin düşüncə tərzi terrorçu düşüncə tərzidir. Azərbaycanın mövqeyi beynəlxalq hüquqa və tarixi həqiqətə söykənir. Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, Azərbaycan ərazilərində yaşayan dinc erməni əhalisi ilə heç bir problemi yoxdur. Azərbaycan sülhsevər dövlətdir”.

 

Ceyhun Bayramov Azərbaycanın sona kimi erməni hərbi birləşmələrinin ərazilərimizdən çıxarılması istiqamətində mübarizə aparacağını qeyd edib. Onun sözlərinə görə, regionda sülh və əmin-amanlığın bərqərar olması bizim ən böyük arzumuzdur: “Azərbaycan həmin dövlətlərlə birlikdə bir çox böyük regional layihələrin iştirakçısı və təşəbbüskarıdır. Eyni zamanda, Azərbaycan və Türkiyə arasında regional sülhə, tərəqqiyə xidmət edən, ölkələrimizin, xalqlarımızın rifah halını yaxşılaşdıran, potensialımızı artıran çoxsaylı layihələr icra olunur”.

 

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu isə Türkiyənin, Türk xalqının Can Azərbaycana olan dəstəyini bir daha bütün dünyaya göstərmək üçün buraya gəldiyini bildirib.

 

Mövlud Çavuşoğlu qeyd edib ki, bütün dünyanın haqlının yanında olması, həqiqətləri söyləməsi üçün Azərbaycanla birgə mübarizəmizi davam etdirəcəyik: “Ermənistan beynəlxalq hüququ tapdalayaraq Yaxın Şərq regionunda yaşayan erməniləri işğal etdikləri Azərbaycan torpaqlarına köçürür. Yəni, bu torpaqlarda daimi qalmaq istədiklərinin mesajını verirlər”.

 

Nazirin sözlərinə görə, öz torpaqlarını azad etmək üçün mübarizə aparan Azərbaycan mülki əhalinin yaşadığı obyektləri hədəfə almır: “Fərq budur. Biz Azərbaycanla bir millətik. Biz Gürcüstanın, Ukraynanın, Suriyanın, İraqın ərazi bütövlüyünü dəstəkləyiriksə, Azərbaycanın da ərazi bütövlüyünü dəstəkləyirik. Bu məsələdə ikili standartlar olmamalıdır. Dünya haqlının, Azərbaycanın, beynəlxalq hüququn yanında olmalıdır. Dağlıq Qarabağ Azərbaycanındır. Hamı atəşkəs çağırışı edir. Atəşkəs olsun, amma nəticə nə olacaq? Ermənistana Azərbaycan torpaqlarından dərhal çıx deyirlər? Demirlər. Həmsədrlərlə dəfələrlə görüşmüşəm. İşğalçı ilə Azərbaycana eyni münasibət göstərirlər”.

 

Məğlub vəziyyətə düşən Ermənistanın mülki əhaliyə və obyektlərə hücum etdiyini qeyd edən Mövlud Çavuşoğlu bunun insanlıq cinayəti olduğunu, Ermənistanın çarəsiz vəziyyətə düşdüyünün sübutu kimi qiymətləndirib.

 

Nazir ATƏT-in Minsk Qrupuna daxil olan ölkələrin işğala məruz qalanla, işğalçı arasında fərq qoymadığını vurğulayıb və bunun belə davam etməyəcəyini bütün dünya anlamalıdır deyə bildirib.

 

Müəllif | Apa.Tv
Apa.tv