Mövlud Çavuşoğlu və Numan Kurtulmuş Azərbaycanın Türkiyədəki səfirliyinə getdilər

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və hakim Ədalət İnkişaf Partiyasının sədr müavini Numan Kurtulmuş Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahimi iqamətgahında ziyarət ediblər. 

 

APA TV-nin yerli bürosunun məlumatına görə, görüşdən sonra mətbuat konfransı keçirilib.

 

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu istər döyüş meydanında, istərsə də diplomatiya masasında Azərbaycanın yanında olduqlarını bildirib: “Biz Türkiyə olaraq və türk xalqı olaraq, türk milləti olaraq hər zaman qardaş Azərbaycanın yanında olduq. Eynən qardaş Azərbaycanın və Azərbaycan xalqının hər yerdə, hər zaman olduğu kimi. Sahədə və masada Azərbaycanın yanındayıq. Artıq bu məsələni kökündən həll etmək istəyirik. Bu problemi həll edək ki, Qafqaza, bu bölgəyə sülh, əmin-amanlıq gəlsin. Azərbaycanın işğal edilmiş torpaqları azad edilsin və 1 milyona yaxın qaçqın və məcburi köçkün, yurd-yuvasını tərk etmək məcburiyyətində qalan qardaşlarımız evlərinə dönə bilsin”.

 

Ədalət və İnkişaf Partiyasının sədr müavini Numan Kurtulmuş isə deyib ki, Türkiyə hər zaman olduğu kimi, indi də Azərbaycanın yanındadır və lazım olan təqdirdə, münaqişənin həll olunması istiqamətində Azərbaycana hər cür dəstək göstərəcək: “Azərbaycanın hansı kəndinə edilən hücum Türkiyənin hər hansı bir kəndinə edilən hücumdur. Hər hansı bir Azərbaycan türkünə edilən hücum Türkiyədəki 83 milyonluq insanımıza edilən hücumdur. Biz bunu bu şəkildə qəbul edirik. Biz buna inanırıq və lazım olan hər şeyi sahədə də, masada da yerinə yetirmək üçün səylərimizi əsigəmirik”.

 

“Ermənistan kiminlə müttəfiq olursa-olsun, kimlərlə bir sıra çirkin işlər görürsə-görsün, Azərbaycan bu haqq savaşından qalib çıxacaqdır”, - deyə hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini vurğulayıb.

 

 

Müəllif | Apa.Tv
Apa.tv