Mövsümündə yetişdirilməyən meyvə-tərəvəz həqiqətənmi zərərlidir?

Əvəllər mövsümü meyvə tərəvəzi yemək üçün adətən yay fəslini gözləmək lazım gəlirdi. İndi isə buna ehtiyac yoxdur. Çünki qiymətləri yetərincə baha olan mövsüm meyvələrini yaxud tərəvəzləri yemək üçün mövsümün gəlməsini gözləməyə ehtiyac qalmır. Məsələn, bazar və marketlərdəki piştaxtalarda mövsümündən əvvəl gördüyümüz çiyələk, qarpız, yemiş, pomidor, xiyar və s. kimi meyvə tərəvəzləri görürük. Ancaq bir məsəl var, hər şey öz vaxtında gözəldir. Bunu yediyimiz qidalara da şamil edə bilərik. Çünki təbii vaxtından əvvəl yetişən meyvə tərəvəzlər ya istixanalarda yüksək dozalı gübrələrin köməyi ilə yetişdirilir, ya da isti ölkələrdən gətirilərkən xarab olmanın qarşısını almaq üçün onlara xüsusi maddələr vurulur. Onu da qeyd edək ki, bu proses təkcə bizim ölkəmizdə yox, demək olar ki bütün dünyada var. Qida eksperti İlqar Şamilov mövsümündə olmayan meyvə tərəvəzləri yeməyi tövsiyyə etmir. Kənd təsərrüfatı üzrə ekspert Elmar Allahverdiyev isə son illər tək Azərbaycanda deyil, bütün dünyada mövsümi və qeyri-mövsümi meyvə tərəvəz anlayışının itmək üzrə olduğunu deyir. Xüsusilə də inkişaf etmiş ölkələrdə istixana tərəvəzçilik və meyvəçiliyi geniş inkişaf edib. Onun sözlərinə görə, pestisid və gübrələrdən düzgün istifadə edildiyi təqdirdə istixanada yetişən meyvə tərəvəzin heç bir zərəri olmur. Ekspert onu da vurğuladı ki, pestisid istifadə olunduqdan ən azı 10-15 gün sonra meyvə-tərəvəzlər yığılmalıdır. Pestisid istifadəsindən qısa zaman ərzində həmin meyvə-tərəvəzdən istifadə olunarsa, həmin pestisidlər meyvə tərəvəzin üzərində öz qalığını buraxır və bu da insan səhhəti üçün zərərlidir. Həkim fitoterapevt Elnur Eldaroğlu isə bildirir ki, bir sıra sağlıq problemlərinin yaranmasında qeyri-təbii üsulla yetişdirilən meyvə tərəvəzlərin yan təsirlərinin də payı var. Əgər məcbur qalıb vaxtından əvvəl yetişdirilən meyvə-tərəvəz yeyiriksə, sudan çox istifadə etmək məsləhətdir. Bundan əlavə də, həmin meyvə-tərəvəzi sirkəli su ilə yaxşıca yumaq lazımdır. AYNUR QARA HƏZRƏT BAYRAMLI APA TV

Müəllif | Apa.Tv
Apa.tv