MSK daha 34 seçki dairəsi üzrə müraciətləri araşdırılmaq üçün DSK-lara göndərdi
“Seçilməyən bəzi namizədlər hansısa məqsəd üçün təxribat xarakterli addımlar atırlar”.
APA TV-nin verdiyi məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
MSK sədri bildirib ki, bəzi namizədlərin MSK qarşısında aksiya keçirməsi normaldır. Onların toxunulmazlıq hüququ var və sərbəst toplaşaraq etirazlarını bildirə bilərlər: “Təxminən bu şikayətlərin arxasında duran namizədlər ki, var, onların bəzisi mən belə hiss etdim ki, narahatdırlar. Onlar hesab edirlər ki, bununla biz hansısa məsələni həll etdik. Tamamilə yox. Bu cür şikayətlər gələcək bizə. Onlar əgər o dairənin qərarından narazı qalsalar, bizə şikayət edəcəklər. Biz bunu araşdıracağıq və onların hamısını dəvət edəcəyik bir-bir. Mən belə hesab edirəm ki, narazı qalacaqlar. Mən o potensial namizədləri nəzərdə tuturam. Heç kəs narahat olmasın”.
Sədr həmçinin bildirib ki, sosial şəbəkələrdə yayılan videoların hər biri araşdırılacaq və qanun pozuntusuna yol verən şəxslərlə bağlı cəza tədbirləri görüləcək. Ümumi araşdırılan videogörüntülərin sayı hazırda 220-ni keçib. Bu görüntülər ümumilikdə 30 dairədə 116 məntəqəni əhatə edir. Məzahir Pənahov bəzi Dairə Seçki komissiyaları ilə bağlı şikayətlərdən sonra həmin komissiyaların buraxılacağını istisna etməyib.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilən parlament seçkiləri ilə əlaqədar bir neçə seçki dairəsində səsvermənin nəticələri ilə bağlı şikayətlərə baxılıb. 77 saylı Astara Seçki dairəsindən daxil olan şikayətlər barədə məlumat verən MSK üzvü Validə Kazımova bildirib ki, araşdırma prosesində məlum olub ki, iddia edilən qanun pozuntuları təsdiqini tapmadığından, şikayət nəticəyə təsir etməyib. MSK 77 saylı Astara Seçki Dairəsi üzrə səsvermənin nəticələri qüvvədə qalması ilə qərar qəbul edib. Bu dairədən lider namizəd Rəşad Mahmudovdur.
İclasda 34 seçki dairəsi üzrə müraciətlərin araşdırılması üçün müvafiq Dairə Seçki Komissiyalarına göndərilməsi ilə də bağlı qərar qəbul edilib.