MSK Fərəc Quliyevə xəbərdarlıq etdi – MƏSƏLƏNİ BAŞ PROKURORLUQ ARAŞDIRIR
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında 46 saylı Dairə Seçki Komissiyasının Rəşad Camalovun deputatlığa namizədliyinin qeydə alınması barədə qərarını ləğv edib. APA TV-nin məlumatına görə, DSK MSK-nın qərarına əsasən, məsələyə yenidən baxacaq. Qərar R.Camalovun ikili vətəndaşlığına dair iddialarla əlaqədar qəbul edilib. MSK sədrinin müavini Rövzət Qasımov bu kimi halların qarşısının alınmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, deputatlıq iddiasında olan şəxslər özləri haqqında düzgün məlumat verməlidir. Əks halda, bu fakt çox gec aşkarlansa belə, barəsində lazımi tədbirlər görüləcək. İclasda 78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Ramil Hüseynovun həmin dairədən namizəd olan İqbal Məmmədovla bağlı şikayətinə də baxılıb. Bununla bağlı MSK üzvü İlkin Şahbazov məlumat verib. O bildirib ki, araşdırmadan sonra məntəqə seçki komissiyasının bir üzvünün həqiqətən də İqbal Məmmədovun təşviqat kampaniyasında iştirak etməsi məlum olub və qərara alınıb ki, Dairə Seçki Komissiyası məsələni araşdırsın. İclasda həmçinin 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyi qeydə alınan Mehman Hüseynovun həmin dairədən namizəd olan Fərəc Quliyevlə bağlı şikayətinə də baxılıb. MSK üzvü Ramiz İbrahimov bildirib ki, şikayətdə F.Quliyevin Mehman Hüseynova 15 min manat pul təklifi əksini tapıb. Şikayətçi tərəf kimi Mehman Hüseynov özü də MSK-nın bu gün keçirilən iclasında iştirak edib. Həmin dairədən deputatlığa namizədliyi qeydə alınmış Etibar Əliyev və Orxan Kəngərli də eyni məsələ ilə bağlı MSK-ya müraciət edərək, F.Quliyevin bununla seçkini gözdən saldığını və həmin səbəbdən onun namizədliyinin ləğv edilməsini istəyib. MSK şikayəti müzakirə edib və indiki mərhələdə Fərəc Quliyevə xəbərdarlıq edilib. MSK sədri Məzahir Pənahov isə bildirib ki, hazırkı mərhələdə qanunvericiliyin tələbi həmin dairədən namizədliyi qeydə alınmış Fərəc Quliyevə xəbərdarlıq edilməsidir: Qeyd edək ki, F.Quliyev həmin pulu M. Hüseynovun müalicəsi üçün təklif etdiyini, M.Hüseynovun isə danışığın səs yazısını montaj edərək yaydığını bildirib.