MSK Gəncədə regional seminar-müşavirə keçirib

Gəncədə parlament seçkilərinə hazırlıqla bağlı Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seminar-müşavirə keçirilib. APA TV-nin yerli bürosunun məlumatına görə, müşavirənin məqsədi seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli ilə bağlı dairə seçki komissiyalarının məlumatının artırılması, bu istiqamətdə görülən işlərin effektivliyinin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunmasıdır. Seminar-müşavirədə Mərkəzi Seçki Komissiyası, Ali Məhkəmə və Gəncə Apellyasiya Məhkəməsinin təmsilçiləri tərəfindən “Vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onların araşdırılması qaydası”, “Seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi”, eləcə də “Məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat” mövzularında çıxışlar dinlənilib. Sonda seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli ilə bağlı bir sıra aktual məsələlər ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Müəllif | Apa.Tv
Apa.tv