MSK-nın veb-kameralarından başqa heç bir kamera olmasını istəmirik – APA TV
Mərkəzi Seçki Komissiyasının növbəti iclasında MSK sədrinin müavini Rövzət Qasımov bildirdi ki, 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb, tənzimləmələr aparılır.Proses gələn həftə yekunlaşacaq. MSK sədri Məzahir Pənahov isə qeyd edib ki, orta məktəblərdə seçki məntəqələrində yanğın təhlükəsizliyi kameraları var.
Məzahir Pənahov həmçinin bu günə qədər növbədənkənar prezident seçkiləri ilə əlaqədar qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqladı. İclasda MSK sədrinin müavini Rövzət Qasımov növbədənkənar prezident seçkilərində ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyası yaradılması, püşkatma yeri və vaxtının müəyyən olunması barədə məlumat verdi. Bildirildi ki, seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlanmalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır. Növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılması 2024-cü il yanvarın 15-i başlanılır və təşviqat fevralın 6-sı saat 8.00-da dayandırılmalıdır.
Rövzət Qasımov nəzərə çatdırıb ki, İctimai Televiziyada həftəlik 3 saat ödənişsiz vaxt verilməlidir.MSK-nın müraciəti əsasında adətən, bundan 2 dəfə çox – 6 saat vaxt verilir. Bu il də bununla bağlı müvafiq olaraq müraciət ediləcək. Növbədənkənar prezident seçkilərində ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşatma komissiyası yaradılıb.
Seçkilərdə prezidentliyə qeydə alınan namizədlərə seçkiqabağı təşviqat aparmaq məqsədilə aşağıda göstərilən media subyektlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq: İctimai Televiziya və Radio Yayımları Şirkəti; "Azərbaycan” qəzeti; "Xalq qəzeti”; "Respublika” qəzeti; "Bakinski raboçi” qəzeti. Xatırladaq ki, fevralın 7-də keçiriləcək prezident seçkilərində qeydiyyata alınmış 7 namizəd mübarizə aparacaq. Həmin namizədlər aşağıdakılardır: Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev; Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc; Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev; Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa; Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev; Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev; Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.