MSK seçki gününün yekun nəticələrini açıqlayıb
“Ölkə üzrə seçicilərin 32,72 faizi səsvermədə iştirak edib”.
APA TV-nin məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin ilkin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib: “Gün ərzində səsvermə prosesini kütləvi informasiya vasitələri ictimaiyyətə çatdırıb. Ümumilikdə bütün məntəqələrdə səsvermə normal keçib, bu və ya digər xoşagəlməz hadisələrlə bağlı əsasən, sosial şəbəkələrdə müəyyən məlumatlar yayılıb. Amma MSK-ya bir müraciət daxil olub. O müraciət aidiyyəti üzrə dairə seçki komissiyasına göndərilib. Çünki məntəqədə baş verən hadisələrlə bağlı müraciət Seçki Məcəlləsinin tələbinə görə, ilkin olaraq müvafiq dairə seçki komissiyasına göndərilməlidir. Əgər iddiaçı dairə seçki komissiyasının qərarından narazı qalarsa, onda MSK-ya müraciət edə bilər. Ona görə biz Seçki Məcəlləsinin tələbinə uyğun olaraq qərarımızı verdik. Onu da qeyd edim ki, gün ərzində MSK-ya rəsmi müraciət daxil olmayıb. Amma sosial şəbəkələrdə yayılan görüntüləri MSK üzvləri artıq ciddi şəkildə araşdırmağa başlayıb”.
MSK sədri qeyd edib ki, ümumilikdə seçkilər sakit şəraitdə keçib, seçicilərin öz iradələrini ifadə etmələri üçün hər cür şərait yaradılıb, onlar da bundan lazımi qaydada istifadə edib. Yekunda 1606 bələdiyyə üzrə səsvermə baş tutub: “Hazırda 4556 məntəqədən məlumatlar MSK-nın bazasına daxil olub. Bu da ölkə üzrə ümumi məntəqələrin 90,24 faizi deməkdir. Beləliklə, 1475 bələdiyyə üzrə məlumatlar hazırda MSK-nın bazasındadır. Bu, ölkə üzrə mövcud bələdiyyələrin 91,84 faizidir. Yəni, deyə bilərik ki, 1375 bələdiyyə üzrə ilkin nəticələrə görə üzvlərin hamısı artıq məlumdur. Bu, ölkə üzrə mövcud olan bələdiyyələrin 85,62 faizidir. İlkin nəticələrə görə, tam formalaşmış bələdiyyələrdə liderlik edən namizədlərin sayı 12 min 930 nəfərdir. Yəni, bu, ümumilikdə seçiləcək 15 min 156 bələdiyyə üzvünün 85,31 faizini təşkil edir”.
M. Pənahov gün ərzində MSK-nın 115 - “qaynar xətt”inə 220 müraciət daxil olduğunu bildirib. Bunlardan 90-nı seçici siyahısı və məntəqələrin ünvanları ilə bağlı sorğu, 130 müraciətin isə hüquqi məsələlərlə bağlı və məlumatlandırma xarakterli olduğu vurğulanıb.