MSK sədri: “Yeni şəxsiyyət vəsiqəsi ilə səs verənlər...”
Dekabrın 23-də Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək.
APA TV-nin məlumatına görə, Mərkəzi Seçki Komissiyasında (MSK) bununla bağlı keçirilən mətbuat konfransında məlumat verilib ki, seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək: “Bələdiyyə seçkiləri 118 dairəni, ümumilikdə 5049 məntəqəni əhatə edəcək. Seçki prosesində iştirak edəcək seçiciləri sayı isə 4 milyon 972 min 356 nəfərdir. Sabahkı seçkilərlə əlaqədar bütün siyahılar dəqiqləşib və məntəqələrdən asılıb”.
Hazırda 1606 bələdiyyə üzrə çap olunmuş bülletenlərə 41462 nəfərin adı daxil edilib.
Seçkilərdə 13 siyasi partiyanın nümayəndələri namizəd kimi qeydə alınıb.
Seçki vaxtı baş verə biləcək hər hansı xoşagəlməz hala gəlincə Məzahir Pənahov bildirib ki, dünyanın heç bir yerində heç kim bundan sığortalanmayıb: “Biz qarşımıza tələb qoymuşuq ki, bunu minimuma endirək. Hesab edirəm ki, biz buna kifayət qədər nail olmuşuq. Seçkilər qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir”.
Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsi ilə təmin edilən təxminən 1,5 milyon vətəndaşın 1 milyondan çoxu seçicidir. Ünvan və verilmə tarixi olmayan belə vəsiqə sahiblərinin səs verməsinə gəlincə: “Biz bütün məntəqələri yeni şəxsiyyət vəsiqələrini çip oxuyan qurğu ilə təmin etmişik. Yəni, 118 dairə üzrə 5049 məntəqə çip oxuyan cihazla təmin olunub”.
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərini izləmək üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı 52 min 636 nəfərdir.
Xatırladaq ki, Bələdiyyə seçkiləri ilə əlaqədar noyabrın 3-da start verilmiş seçkiqabağı təşviqat işləri 22 dekabr, saat 08:00-da dayandırılıb.