MSK-ya yeni üzv təyin edildi

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvünün təyin edilməsi haqqında” qanun layihəsinə baxılıb.

 

APA TV-nin xəbərinə görə, iclasda bildirilib ki, parlamentin heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatlarının yığıncağına sədrlik edən MM sədrinin müavini Valeh Ələsgərovun adından MM sədri Oqtay Əsədova müraciət ünvanlanıb.

 

Qeyd edilib ki, Seçki Məcəlləsinin 24-cü maddəsinə uyğun olaraq, Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarını Mərkəzi Seçki Komissiyasında (MSK) təmsil edəcək Rövzət Qasımovun namizədliyi parlamentin müzakirəsinə təqdim olunub.

 

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq, qəbul edilib.

 

İclasda həmçinin Azərbaycanda övladlığa uşaq götürmək istəyən şəxslərlə bağlı qanun layihəsi müzakirə olunub. Bu, Ailə Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

 

Övladlığa uşaq götürmək üçün azı 3 il nikahda olan, yaşı 35-dən yuxarı ər-arvada, 1 il müddətinə nikahda olan Azərbaycan vətəndaşlarına və azı 5 il müddətində nikahda olan əcnəbilər və vətəndaşlığı olmayan, yuxarı yaş həddi 55-dək olan şəxslərə üstünlük veriləcək.

 

Təklif edilən digər dəyişikliyə əsasən, övladlığa götürülən 7 yaşına çatmış uşağın soyadı, ata adı, habelə öz adının dəyişdirilməsi barədə fikri öyrəniləcək. 10 yaşından yuxarı övladlığa götürülmüş uşağın doğulduğu yerin dəyişdirilməsinə isə yalnız onun razılığı ilə yol veriləcək.

 

Layihə bu gün Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılaraq qəbul edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv