MTK rəhbəri 11 ildir “Azəriqaz”ı aldadırmış: Külli miqdarda ziyan vurub
"Bakıda MTK rəhbəri qazdan qeyri-qanuni yolla istifadə edib".
Bunu jurnalistlərə "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eldəniz Vəliyev “Açıq qapı” aksiyasında deyib. O bildirib ki, qeyri-qanuni istifadəyə görə "Azəriqaz"a külli miqdarda ziyan vurulub: "MTK-10-nun rəhbəri 11 ildir ki, qazdan qeyri-qanuni şəkildə istifadə edirmiş. Belə ki, MTK rəhbəri "Azəriqaz"a qazın verilişini dondurmaqla bağlı müraciət edib. Sonra isə müxtəlif yollarla bina sakinlərini qazla təmin edirmiş. Bunun üstü bizim peşəkar işçi qrupu tərəfindən açıldı. Hazırda dəymiş ziyan hesablanır. Burda külli miqdarda borcdan söhbət gedir".
Qurumun SƏTƏM və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov
isə bildirib ki, Səbail rayonu, Nizami küçəsindəki "Location" gecə klubunda baş verən partlayışdan sonra 3 aydır yoxlamalar davam edir.
Onun sözlərinə görə, bununla bağlı energetika və fövqəladə hallar nazirlikləri və "Azəriqaz"ın işçilərindən ibarət qrup yaradılıb: "İndiyə qədər 2600 obyektdə yoxlama aparılıb. Onlardan 420 obyektdə qanunsuzluqlar aşkarlanıb. 290 obyektdə sayğac çıxarılıb, 133 müəssisədə isə qaz təchizatı dayandırılıb. Onu da qeyd edim bunlar tək Bakını deyil, regionları da əhatə edir. Bakıya nisbətən regionlarda qanunsuzluqlar daha az aşkarlanır".
Qeyd edək ki, aprelin 3-də paytaxtın Səbail rayonu, Nizami küçəsindəki "Location" gecə klubunda qaz balonu partlayıb. Nəticədə 4 nəfər ölüb 35-dən çox adam yaralanıb.
Nərmin Murad
Xəyal İsgəndərov
APA TV