Müasirliklə keçmişin vəhdəti: 64 illik gəmi və dünyada bir ilk – TANKER-MUZEYDƏN REPORTAJ
Bakıda dünyada ilk tanker-muzey fəaliyyətə başlayıb.
1957-ci ildə istehsal olunan Suraxanı gəmisinin göyərtəsindəyik. Gəmi dövrünə görə, ən modern gəmilərdən biri hesab olunurdu. Lakin illər öncə öz istismar müddətini başa vurub. Bu gün isə gəmi muzey kimi formalaşdırılıb. Bir qədər sonra biz gəminin içərisinə daxil olacağıq. Ümid edirəm ki, içəridə bizi olduqca maraqlı macəralar gözləyir.
APA TV xəbər verir ki, muzey qismində fəaliyyət göstərəcək “Suraxanı” tankeri bir zamanlar dənizlə neftdaşıma tarixində mühüm rol oynayıb.
“Suraxanı” tankeri Xəzər dənizində 1957-ci ildən istismara verilən “Mühəndis Pustoşkin” tipli gəmilərdən biridir. Son dövrlər Gəmiçiliyin tərkibində neft təmizləyici stansiya qismində istismar edilən “Suraxanı” tankerinin muzeyə çevrilməsi ilə bağlı qərar 2017-ci ildə verilib.
Tankerin muzey kimi fəaliyyət göstərməsi üçün gəmidə əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. “Suraxanı” tankerinin muzeyə çevrilməsi üçün Böyük Britaniya, Niderland, Türkiyə kimi gəmiçilik ənənələri olan ölkələrin bu sahədəki təcrübələrindən istifadə olunub. Muzeyin zallarında ən müasir texnoloji avadanlıqlardan istifadə edilməklə, bir sıra innovativ yeniliklərə imza atılıb.
Bu görünən hissə gəmilərin hərəkətini müəyyənləşdirən naviqasiya masasıdır. Yuxarı hissədə isə daha bir lövhə quraşdırılıb. 1918-ci il 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti elan olunan gün Azərbaycan səmasında, Xəzər dənizi üzərində ulduzlar yuxarıda gördüyümüz qaydada düzülmüşdür.
Ziyarətçilər burada Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, dəniz nəhəngləri, 5 min ilə yaxın tarixə malik dəniz düyünləri, gəmilərin istismarı zamanı istifadə edilən avadanlıqlarla yaxından tanış ola biləcəklər.
Bura isə gəmi trenajorudur. Gəminin hansı formada idarə olunduğu burada göstərilir. Muzeyi ziyarət edən şəxslər virtual da olsa, gəmi sürə biləcəklər.
Ziyarətçilər həmçinin muzeydə ölkəmizin milli sərvəti olan gəmiçilik və dövlət arasında sarsılmaz bağları əks etdirən lövhə, “Qarabağ Azərbaycandır! ” və Prezident İlham Əliyevin dənizçilik sahəsində həyata keçirdiyi irimiqyaslı layihələri əks etdirən info-monitorla da tanış ola biləcəklər.
Gördüyümüz bu monitorda hər hansı bir tarixi seçirik. Tarixi seçdikdən sonra foto bölməsini seçirik və 44 günlük Vətən Müharibəsi dövrü, Cəbrayılın işğaldan azad olunduğu gün ekrana gəlir. Bu günü əks etdirən istənilən qədər foto və videonu bu monitor vasitəsi ilə seyr edə bilərik.
1960-cı illərdə Suraxanı gəmisində çalışan ekipaj üzvləri bu otaqda istirahət edirdilər. Burada onlar stolüstü oyunlar oynayır, kitab oxuyur və radio dinləyirdilər. Muzeyi təşkil edərkən otaqda olan əşyaları da həmin dövrün əşyalarından real olaraq təşkil ediblər.
Muzeyin rəsmisi Tural İbrahimovun sözlərinə görə, 11 ekspozisiya zalından ibarət olan muzeyi ərsəyə gətirmək işçi qrupunun xeyli zamanını alıb: “Muzey texnoloji yeniliklərlə zəngindir. Buranı keçmişin və müasirliyin ortaq nöqtədə birləşdiyi muzey kimi təsəvvür etmək olar. Biz hazırda “Suraxanı” gəmi-muzeyinin naviqasiya və kommunikasiya zalındayıq. Adından göründüyü kimi, bu zalda əsasən gəmidə istifadə olunan naviqasiya və kommunikasiya alətləri, digər eksponatlar, mayaklar, naviqasiya masası, morza kodu və s. haqqında ziyarətçilərə geniş məlumat verilir. Bu kimi interaktivlər onların ixtiyarına verilir. “Suraxanı” gəmi muzeyinin 360 dərəcəli unikal video monitoru da var ki, orada da ölkəmizin qədim tarixi əksini tapıb. Eyni zamanda ölkəmizin dənizçilik ənənələri də orada qeyd edilib”.
Qeyd edək ki, yaxın vaxtlarda vətəndaşlar gəmi muzeyi ziyarət etmək üçün Suraxanı gəmisində qonaq ola biləcəklər. Qrup halında olan gəzintilərə muzey işçiləri tərəfindən bələdçilik ediləcək. Tək şəkildə gəzinti zamanı isə elektron bələdçi sizi gəmi ilə tanış edəcək.
Xələf Xələfov,
Faiq Həsənov,
APA TV