Mübahisə etdiyi həmyerlisinin evini qarət etdi
Gədəbəydə şəxsi ədavətə görə həmyerlisinin evini qarət edən şəxs saxlanılıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, rayon sakini Xəyal Məmmədov polis şöbəsinə müraciət edərək, yaşadığı evdən 3500 manat pulun oğurlandığını bildirib.
Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları oğurluğu törədən Çingiz İbrahimovu saxlayıblar: “Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, həmin oğurluq cinayətini əvvəllər dəfələrlə məhkum olunmuş İbrahimov Çingiz Polad oğlu törədib. Hal-hazırda İbrahimov Çingiz Polad oğlu tərəfimizdən şübhəli şəxs qismində saxlanılıb”.
Saxlanılan şəxs istintaqa ifadəsində bildirib ki, ev sahibi ilə şəxsi ədavəti olduğu üçün bu əməli törədib. Aparılan araşdırmalar zamanı Çingiz İbrahimovun bundan əvvəl də oğurluq etdiyi məlum olub: “Xəyalın evinə girmişəm. 3100 manat pul götürmüşəm. Tovuzun kəndində də bir evə girmişəm. Oradan iki üzük, 300 dollar, bir də sənədlər götürmüşəm. O evə ona görə girdim ki, aramızda bir az narazılıq olmuşdu. Tovuzda da keçirdim oradan gördüm ev sahibləri qapını bağlayıb harasa gedirlər. Pəncərəni sındırıb içəri daxil oldum”.
Faktla bağlı araşdırmalar davam etdirilir.