Mübariz İbrahimovun evində: Qəhrəmanımızın doğum günündə nələr yaşandı?

Düşmən ordusu ilə təkbaşına vuruşan, onlara tarix boyu unutmayacaqları dərs verən Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.

“Şəhid olsam, ağlamayın, əksinə sevinin ki, o mərtəbəyə yüksəldim” - deyən, Milli Qəhrəmanımız 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Elə həmin kənddə orta məktəbi başa vurub. 2005-ci ildə hərbi xidmətə yollanıb. Hərbi xidmətdən sonra bir müddət mülki işlərdə çalışan Mübariz 2009-cu ildə gizir kimi yenidən hərbi qulluğa yollanır. 2010-cu ilin 18 iyununda gecə saatlarında minalanmış sahəni keçir və Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini məhv edir. Səhərə yaxın şəhid olur.

22 ilə bir qəhrəman ömrü sığdıran qəhrəmanımızın doğum günündə atası Ağakərim İbrahimov ilə söhbət etdik. Oğlunun doğum günündə ona baş çəkən hər kəsə təşəkkürünü bildirən ata qazanılan qələbənin böyüklüyündən duyduğu fərəh hissini bizimlə bölüşdü.

Ermənistan Mübariz İbrahimovun nəşini 141 gün saxladı. 2010-cu il noyabrın 6-da  qəhrəmanımızın nəşi düşməndən alındı.

Noyabrın 7-də isə İkinci Fəxri Xiyabanda uğrunda canından keçdiyi torpağa tapşırıldı.

 

Müəllif | Apa.Tv
Apa.tv