Mübariz Qurbanlı: “Bəzi şəxslər müəyyən yaş həddinə çatdıqları üçün istefa verirlər”

“Azərbaycanda geniş sosial-iqtisadi xarakterli islahatlarla bərabər, kadr islahatları da həyata keçirilir”.

APA TV-nin xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, islahatlar vaxtı çatmış məsələlərin həll edilməsi üçün aparılır: “Prezident İlham Əliyev bu günlərdə bildirdi ki, islahatlar daha da dərinləşəcək, o cümlədən daha gənc kadrların dövlət idarəçiliyinə gətirilməsi istiqamətində addımlar atılacaq. Bununla əlaqədar olaraq vəzifədə olan, Azərbaycan qarşısında, dövlət quruculuğunda və sosial-iqtisadi sahədə xidmətləri olan bəzi şəxslər müəyyən yaş həddinə çatdıqları üçün özləri müraciət edirlər, cənab Prezident də onların istefalarını qəbul edir. Bu bir prosesdir”.

Mübariz Qurbanlı qeyd edib ki, dövlət idarəçiliyində islahatlar davamlı olacaq.

 

Qeyd edək ki, bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “XXI əsrdən baxış: dövlət, cəmiyyət və din” mövzusunda konfrans keçirilib. Konfrans dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlər, həyata keçirilən layihələr, eləcə də dinin cəmiyyət həyatında, onun mənəvi-əxlaqi tərbiyəsində yeri və rolu barədə müzakirələrlə aparılıb.

Müəllif | Apa.Tv
Apa.tv