Müdafiə naziri ön xətdə əsgərlərlə nahar etdi - YENİ HƏRBİ OBYEKTLƏR İSTİFADƏDƏ

 

Cəbhəboyu zonada yeni inşa edilən mühəndis təyinatlı hərbi obyektlərin açılışı olub.

APA TV-nin Müdafiə Nazirliyinə istinadən məlumatına görə, nazir general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti açılışlarda iştirak edib.

Yeni qərargah binası ilə də tanışlıq olub. Qeyd olunub ki, qərargah mərkəzləşdirilmiş istilik sistemi, işıq, su, qaz və kommunikasiya xətləri ilə təchiz, inzibati və xidməti iş otaqları mebellə təmin olunub.

Mühəndis-istehkam hərbi hissələrinin yerinə yetirdiyi vəzifələr nəzərə alınmaqla, bu bölmələrin texniki baxımdan təkmilləşdirilməsi və döyüş potensialının artırılması üçün müasir texnika alınaraq qoşunların sərəncamına verilib. Hərbi əməliyyatların mühəndis təminatının yerinə yetirilməsi zamanı tətbiq olunan müxtəlif növ texnikanın saxlandığı park, şəxsi heyətin hazırlığı üçün nəzərdə tutulan taktiki sinif otaqları və digər inzibati binalar müvafiq avadanlıq və əyani təbliğat vasitələri ilə tam təchiz edilib.

General-polkovnik Z.Həsənov mühəndis qoşunların komandanlığına bölmələrin döyüş qabiliyyətinin artırılması və döyüş vasitələrinin effektiv istifadəsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Sonda nazirliyin rəhbərliyi şəxsi heyətlə birlikdə nahar edib.

Müəllif | Apa.Tv
Apa.tv